Dünya 14:44 29.11.2022

Pekin ABŞ kreyserinin Çin sularına qanunsuz daxil olduğunu bildirdi

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Cənub Bölgəsinin Döyüş Komandanlığının sözçüsü Tian Tsünli bildirib ki, ABŞ-ın raket kreyseri "Chancellorsville” Cənubi Çin dənizindəki Nanşa (Spratli) adaları yaxınlığındakı sulara qanunsuz daxil olub. Hərbçilər ABŞ kreyserini müşayiət edib, bundan sonra o, Nanşa adaları yaxınlığında suları tərk edib.

Qaynarinfo bu barədə "Kommersant”a istinadən xəbər verir.

Hadisənin dəqiq nə vaxt baş verdiyi dəqiqləşdirilməyib. "ABŞ ordusunun hərəkətləri Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozub, bu, ABŞ-ın naviqasiya hegemonluğu və Cənubi Çin dənizinin hərbiləşdirilməsi istəyinin daha bir təkzibedilməz sübutudur", - Tian Tsünli bildirib.

ABŞ-ın Yeddinci Donanması "Chancellorsville” kreyserinin Çin sularına qeyri-qanuni daxil olması ilə bağlı iddiaları yalan adlandırıb.

Çin və ABŞ arasında münasibətlər ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çin hakimiyyətinin öz ərazisi hesab etdiyi Tayvana səfərindən sonra kəskinləşib. Noyabrda Çin prezidenti Si Szinpin ABŞ prezidenti Co Baydenlə görüşüb və xəbərdarlıq edib ki, Tayvan məsələsi qırmızı xətdir. 

Nizami Bağırov