İdman 10:54 14.02.2023

Penaltini dəf etdi, həyatını itirdi

Belçikada qapıçı oyun zamanı qəfildən ölüb.

Qaynarinfo-nun məlumatına görə, "Winkel Sport B" klubunda çıxış edən Arne Espel matç zamanı infarkt keçirib. 25 yaşlı qolkiper ötən şənbə günü "Westrozebeke” ilə matçda debüt edib. Qarşılaşma zamanı penalti zərbəsini dəf edən Espel daha sonra yerə yıxılıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qolkiperin ölüm səbəbinin müayinədən sonra məlum olacağı gözlənilir.

Komandanın köməkçi məşqçisi Stefaan Deverçin xoşagəlməz halla əlaqədar açıqlamasında "Espel yerə yıxılanda top hələ oyunda idi. Baxmaq həqiqətən qorxulu idi. Bütün oyunçularımız matçdan sonra duş qəbul etdilər və qapıçımızın xəstəxanada ölməsi xəbəri hamımızı şoka saldı. Bəzi futbolçularımız hələ də durumu anlamaqda çətinlik çəkir" deyib.

Səbuhi Həsənov