Dünya 19:33 13.11.2022

“Pəncə-kilit” əməliyyatında neçə terrorçu zərərsizləşdirilib?

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında terror hədəflərinə qarşı həyata keçirilən "Pəncə-Kilit” əməliyyatında indiyədək 455 terrorçu zərərsizləşdirilib, 557 mağara, sığınacaq məhv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı keçirilən əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir.

Əməliyyatlar zamanı çox sayda silah-sursat, terrorçulara aid kommunikasiya vasitəsi, partlayıcı maddə və digər ləvazimatlar ələ keçirilib.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir neçə gün əvvəl verdiyi açıqlamada "Pəncə-Kilit” əməliyyatının yekunlaşmaq üzrə olduğunu, Zap bölgəsinin təmizlənməsi ilə əməliyyatın başa çatacağını bildirmişdi.