Dünya 08:55 06.10.2023

Pentaqon Suriya səmasında türk dronunun vurulmasını təsdiqlədi və səbəbini açıqladı

ABŞ ordusu Suriyada Türkiyəyə məxsus pilotsuz uçuş aparatını əməliyyat bölgəsi yaxınlığında hava hücumları həyata keçirərkən vurub.

Bu barədə Qaynarinfo Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin briqada generalı Pet Rayderin brifinqinə istinadən xəbər verir.

O, Suriyada amerikalılar tərəfindən türk dronunun vurulmasını təsdiqləyərək, "Bu, şübhəsiz ki, xoşagəlməz hadisədir... Biz, yerdəki vəziyyətə əsasən müvafiq tədbirlər gördük. Bu, zərbələr həyata keçirən silahlı PUA idi", deyə general bildirib.

Pentaqonun mətbuat katibi qeyd edib ki, Türkiyə PUA-ları müəyyən edilmiş əməliyyat zonası daxilində hava hücumları həyata keçirib. Heç bir ABŞ əsgəri xəsarət almayıb və "Türkiyənin ABŞ qüvvələrini qəsdən hədəfə aldığına dair heç bir əlamət yoxdur”.

General bildirib ki, ABŞ pilotsuz uçuş aparatını vurmazdan əvvəl Türkiyə ilə "kifayət qədər yüksək səviyyədə” əlaqə yaradıb.

"PUA-nın vurulmasından sonra Pentaqon rəhbəri Lloyd Ostin Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə "məhsuldar telefon danışığı" aparıb", deyə Rayder əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Qərb mətbuatı ABŞ-ın F-16 qırıcısının Suriya səmasında Türkiyəyə məxsus pilotsuz uçuş aparatının vurması barədə məlumat verib. Hadisə Türkiyə hakimiyyətinin terror təşkilatı PKK/PYD-nin hədəflərinə qarşı silsilə hücumlar həyata keçirərkən baş verib.

Nizami Bağırov