Ölkə 18:56 07.11.2023

Peşələr Festivalı bu dəfə Naxçıvanda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı davam edir.

"Operativ Media" xəbər verir ki, Peşələr Festivalının növbəti dayanacağı Naxçıvan Muxtar Respublikasıdır.

Ölkəyə səs salan Festival noyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, noyabrın 11-də isə Naxçıvan şəhərində keçiriləcək.

Festival çərçivəsində 14 peşəkar peşələrin sirrini bölüşəcək. "Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivala muxtar respublikanın sakinləri dəvətlidir.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.  

Xatırladaq ki, bu il Peşələr Festivalı oktyabrın 28-də Quba rayonundan start götürüb. Daha sonra oktyabrın 30-da İsmayıllı, noyabrın 1-də Zaqatala, noyabrın 3-də Şəmkir və noyabrın 5-də Salyan rayonunda keçirilib.