Dünya 16:44 11.09.2023

Peskov: "İrəvanın ABŞ-la birgə təlimlərlə bağlı qərarı ciddi analiz tələb edir"

"Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsi ciddi təhlil tələb edir”. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və indi amerikalılarla təlim keçirmək istəyini necə bəyan etməsi fonunda - yəqin ki, bizim üçün bunlar çox, çox dərin təhlil tələb edən qərarlardır ki, Ermənistan məhz niyə belə qərarlar verir, hansı məqsədlər güdülür”, - deyə o bildirib.

Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi siqnalların olmadığını da vurğulayıb.

"Biz bu mövzuda çoxlu müzakirələr gördük, deyək ki, Ermənistanda olan qərbyönlü analitiklər, onlar bunu dəfələrlə müzakirə ediblər, lakin bu məsələ ilə bağlı heç bir rəsmi siqnal almamışıq”, - Peskov bildirib.

Rusiyanın müttəfiq kimi Ermənistanın ərazisinə hücum ediləcəyi təqdirdə onu müdafiə etməyə hazır olub-olmaması ilə bağlı suala Kreml nümayəndəsi cavab verib ki, Rusiyanın KTMT çərçivəsində öhdəlikləri var:

"Əgər biz Ermənistanın ərazisindən danışırıqsa, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var, lakin siz də bilirsiniz ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişib, ona görə də bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi”.
Dmitri Peskov onu da vurğulayıb ki, Ermənistan və Rusiya çox yaxın müttəfiqlər və tərəfdaşlar olub və olacaqlar.

"Bizim həll edilməli olan müəyyən problemlərimiz ola bilər, lakin onları dialoq çərçivəsində həll etmək lazımdır, çünki iki ölkənin inkişafının məntiqi və milli maraqları müttəfiqliyimizi və tərəfdaşlığımızı daha da dərinləşdirməyə ehtiyacı diktə edir”, - o əlavə edib.

Peskovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir rəsmi siqnal olmayıb.

Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının Qartal Tərəfdaş 2023 birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və ABŞ-ın hərbi təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir. O əlavə edib ki, Rusiya təhlükəsizlik qarantı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir, Moskva həm Yerevan, həm də Bakı ilə ardıcıl və konstruktiv işi davam etdirir.

Sputnik qeyd edir ki, Ermənistan KTMT-yə üzvlüyünü formal olaraq saxlamaqla yanaşı, bir neçə aydır ki, strukturda qarşılıqlı fəaliyyət səviyyəsini ardıcıl olaraq aşağı salır. Belə ki, bu ilin yanvarında ölkə KTMT-nin təlimlərinə ev sahibliyi etməkdən imtina edib, sonradan Ermənistan hərbi kontingenti təşkilata üzv olan digər ölkələrin ərazisində keçirilən analoji tədbirlərdə iştirak etməyib.

Həmçinin mart ayında İrəvan təşkilatın baş katibinin müavini kvotasından imtina edib. Sentyabrın 5-də Viktor Biyaqov KTMT-də daimi nümayəndə vəzifəsindən kənarlaşdırılaraq Niderlanda səfir təyin edilib.

Alpər