Dünya 14:35 23.11.2023

"Pfizer" vaksinlərin pulunu ödəməyən Polşanı məhkəməyə verdi

"Pfizer" əczaçılıq şirkəti COVID-19 peyvəndinin tədarükü ilə bağlı ümumi dəyəri 1,5 milyard dollar olan müqaviləni yerinə yetirmədiyi üçün Polşanı məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Dziennik Gazeta Prawna” məlumat yayıb.

Qeyd olunur ki, müqavilə "Pfizer" ilə Avropa Komissiyası arasında bağlandığından iddia Brüsseldə məhkəməyə verilib. Söhbət Polşanın şirkətlə müqavilə bağlanmasına baxmayaraq, almadığı və pulunu ödəmədiyi 60 milyon peyvənddən gedir.

Polşanın baş naziri Mateuş Moravetski 2022-ci ilin martında Komissiya sədri Ursula fon der Lyayenə yazdığı məktubda fors-major, yəni Ukraynadakı müharibəni əsas gətirərək "Pfizer" dərmanlarını almayacaqlarını yazıb.

"Aprel ayında Polşa hökuməti Rusiyanın işğalı ilə əlaqədar çəkdiyi xərclərə görə əczaçılıq nəhəngi ilə müqaviləni ləğv etdiyini açıqlayıb. Bir tərəfdən qaçqınların qəbulu, o cümlədən tibbi xidmət Polşa büdcəsinə böyük yük qoyur, digər tərəfdən isə bu, gözlənilməz hal idi”, deyə məlumatda bildirilir.

"Pfizer" Polşanın qərarını əsassız hesab edir. Şirkət uzun müddət pozulmuş müqavilə ilə bağlı razılığa gəlməyə çalışıb. Polşada hakimiyyət dəyişikliyindən sonra "Pfizer" məhkəməyə müraciət edib.

Əlavə edilir ki, Varşava məhkəmə proseslərində Rusiyanın Ukraynaya hücumunun vaksin müqaviləsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü ilə səbəb əlaqəsi olduğunu sübut etməyə çalışacaq.

Nizami Bağırov