İdman 10:26 01.02.2023

PFL rəsmisi yeni layihədən danışdı: “Qaranlıq düşsə, biabırçılıq olar...”

Azərbaycan Premyer Liqasında daim yenilikləri ilə diqqət çəkən Peşəkar Futbol Liqası bu mövsüm də ənənəsini davam etdirməkdədir. Ötən ilin sonunda qurum Premyer Liqa oyunlarının canlı yayımı üçün "insports.tv” ilə danışıqlara başlamışdı. Bununla yanaşı PFL azarkeşlər arasında müsabiqə də keçirir. Bəs qarşıdakı günlərdə və ya aylarda daha hansı yeniliklər nəzərdə tutulub?

Bu suallarımıza PFL-in media və marketinq direktoru Sənan Abdullayevdən cavab aldıq. Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- PFL "insports”la anlaşmasından nə qazanacaq?

- "İnsports”la bağlı bu həftə qərar verməlidirlər. Biz onlara test yayımı göndərişi edirdik. Ötən turda oldu. Bu tur isə daxil deyil. Üzərimizə düşəni etdik və bizdən razılıq bildirdilər. Hətta dedilər ki, bu tezliklə onlara yayım ötürəcəyimizi gözləmirmişlər. Düşünürdülər ki, problemlər, qırılmalar olacaq. Son testdən də razı qaldılar. Bu həftə iclas edib, qərar verməlidirlər. Müsbət qərar çıxarsalar, bizə rəsmi müqavilə və ya əməkdaşlıq barədə detallar göndərəcəklər. 

- PFL-in Yutub kanalı, "CBC Sport” kanalı çempionat oyunlarını yayımlayırlar. Belə olan halda "İnsports”la anlaşma nəyə hesablanıb?

- Artıq hər şeyin peşəkar tərəflərinə keçmək lazımdır. İlk gündən asta-asta bu addımlar atılmalıdır. Yayım hüququ kimə satılmasına baxmayaraq, "CBC Sport”da qalacaq. Televeziyadan baxmaq istəyənlər bu kanal vasitəsilə baxa biləcəklər. Amma internet üzərindən yayım hüququ "insports”a veriləcək. Anlaşmaya gəlincə, təbii ki, ilkin mərhələdə müəyyən gəlir olacaq. Hər halda yayımı onlara boş-boşuna vermirik. Amma düşünmürəm ki, ilkin mərhələdə fantastik məbləğ olacaq. Gedişatda qiymətlər dəyişə bilər. 

- Azərbaycan çempionatının səviyyəsi məlumdur. Hər halda La Liqa və ya İngiltərə Premyer Liqası ilə müqayisə olunacaq dərəcədə deyilik. Bəs bu anlaşamadan onlar nə qazanacaq?

-  Onlara test yayımı ötürürdük. Yuxarı-aşağı belə nəticələr gözləmirdilər. İstənilən halda texniki cəhətdən problem olacağını düşünmüşdülər. Nə əldə edəcəklərinə gəlincə, bu, özlərinin maraqlı olduğu tərəfdir. Bir çox ölkələrdən yayımlar verirlər. Detallar haqda məlumatım yoxdur. Bu, şirkətin daxili prosesləridir. Ola bilər məşqçilərlə, klublarla anlaşarlar. Yəni "instatsport” tərzində bir iş görə bilərlər. Məsələn, oyun ərzində kim neçə ötürmə verib, nə qədər qaçıb, neçə dəfə hücum edib kimi statistika hazırlayarlar. Düzü, nə üçün lazımdır, bu haqda məlumatlı deyiləm. Təkcə biz deyilik, o tətbiq vasitəsilə bir çox çempionatlar yayımlanır. Düzdür, nisbətən aşağı səviyyəli çempionatlardır, amma ən azı bizə də təklif gəlib. Elə etməliyik ki, bizim çempionatın da bir dəyəri olsun. Etiraf edək ki, satış reallaşsa, bu, irəliləyiş sayılacaq. İndiyə qədər internet üzərindən satış olmayıb. Həm də başqa ölkələrdən yayıma qoşulanlar ən azı Azərbaycan Premyer Liqasının adını eşidib, maraqlana bilərlər. Yavaş-yavaş maraq və ya başqa anlaşmalar əldə etmək olar. Nə zamansa peşəkar addım atmaq lazımdır.

- Premyer Liqanın "insports”da yayımına baxanların sayı çox olur?

- Bunu yoxlamamışıq. İlkin mərhələdə durub desək ki, "çox adam izləyib”, yanlış olar. İlkin mərhələdə ən azı, azərbaycanlılar baxır. Ona görə şübhə etmirəm ki, Yutub üzərindən izləyənlərin sayı daha çoxdur. Azərbaycan çempionatını izləmək istəyənlər onsuz da izləyir. Mən futbol sahəsində veriliş aparan zamanlarda konkret kütlə var idi ki, oyunlara baxırdı. Yavaş-yavaş kütləni platformaya öyrəşdirəndən sonra oranı da axtarıb tapacaqlar. Yutuba baxanlar deyir ki, bir qədər narahat platformadır. Əslində belə deyil, sadəcə 1 dəqiqəni ayırıb qeydiyyatdan keçmək lazımdır. Tətbiqə baxmışam, şəxsən düşünürəm ki, çox üstünlükləri var. Məsələn, qol vurulanda, bir anın içində təkrarı saytda yerləşdirilir. Həmçinin komandaların yaratdığı təhlükəli vəziyyətlər. Hazırladıqları proqram dərhal həmin epizodları kəsib təqdim edir. Problemsiz işləsə, çox yaxşı proqramdır. Oyuna baxmağa geciksən belə, sənə lazım olan bütün statistikalar göstərilir. 

- Anlaşma əldə edilsə, bu, bütün azarkeşlər üçün əlçatan olacaq?

- Düşünürəm ki, ilkin mərhələdə ya pulsuz, ya da inanılmaz ucuz, məsələn, aylıq 1 manat ola bilər. Böyük rəqəm inandırıcı deyil. Çünki Azərbaycan kütləsi onlara lazımdır. Bu həftə qərar vesələr, detallar barədə danışmaq mümkündür. 

- PFL azarkeşlər arasında Feysbuk vasitəsilə müsabiqə keçirir. Başqa yeniliklər nəzərdə tutulur?

- Layihələrimiz var. Ancaq real bir şey olmalıdır ki, açıqlama verə bilək. Çalışacağıq bunu davamlı edək. Sadəcə, bunlar büdcədən asılıdır. Müsabiqə mövsümün sonuna qədər davam edəcək. Gələn mövsümlə bağlı nəsə deyə bilmərəm.

- Müsabiqənin qalibləri üçün hansı mükafatlar nəzərdə tutulub?

- Daha ağır və diqqətçəkən oyunlar üçün 200 manatlıq hədiyyə çeki veriləcək. Amma ümumilikdə hər turda qələbə qazananlara 100 manatlıq hədiyyə çeki nəzərdə tutulub. "Buta Global-Enerji Tekstil”lə anlaşmamıza əsasən bu çekləri "Sarar” geyim mağazalarında istifadə etmək mümkün olacaq. Artıq qalib olanlar da var. Əslində, çox layihələrimiz var, sadəcə, onların həyata keçirilməsi büdcədən asılıdır. 

- İmişlidəki stadiona baxış keçiriləcəkdi. Bu məsələ nə yedə qaldı?

- İmişli stadionu ilə bağlı bizə rəsmi məktub göndərilib. Vaxt müəyyənləşdiriləcək və baxış keçiriləcək. 

- Gələcək mövsümdən Gəncə, Tovuz, Şamaxı stadionlarında projektor quraşdırılacağı deyilirdi. Bununla bağlı hansısa hərəkətlilik var?

- Açığı, bu gün üçün yoxdur. Onlar özləri də etiraf edirlər ki, büdcə ilə bağlı sıxıntıları var. Nəsə olsa, deyə bilərəm. Edə bilmirlər. Oyunları günorta saatlarına saldığımız üçün bizi qınayırlar. Amma Gəncədə Tovuzda oyunları axşam saatlarına necə salaq? Bir az geciksələr, qaranlıq düşsə, biabırçılıq olar. 

- PFL klublara bu mənada kömək edə bilər?

- Bu, büdcə ilə bağlıdır. PFL-in köməklik edəcəyi bir şey deyil. Gələcəkdə hansısa layihələr çərçivəsində fikir bildirilə bilər. Amma bu gün üçün real deyil. 

Səbuhi Həsənov