Dünya 13:51 17.09.2023

PKK/YPG uşaqları döyüşçü kimi istifadə edir, dünya susur - Bir ildə 1200 azyaşlı...

ABŞ-ın Suriyada dəstəklədiyi terror təşkilatı PKK/YPG işğal etdiyi bölgələrdə uşaqları zorla sıralarına cəlb etmək praktikasını davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Agentliyinin məqaləsində deyilir.

PKK/YPG liderlərindən olan "Mazlum Abdi” kod adlı Ferhat Abdi Şahin ilə 2019-cu ilin iyun ayında BMT-nin (BMT) Cenevrə ofisində "təşkilat daxilindəki döyüşçü uşaqları azad etmək üçün” imzalanan fəaliyyət planına baxmayaraq terror təşkilatı bu təcrübəni davam etdirir.

Terror təşkilatı Suriyada zəbt etdiyi ərazilərdə, xüsusən də məktəb yaşındalı uşaqları qaçıraraq, zorla öz silahlı qüvvələrinə cəlb edir. Qaçırdığı uşaqları silahlı təlim keçmək üçün düşərgələrə aparan PKK/YPG onların ailələri ilə ünsiyyətə icazə vermir. Təşkilatın terror fəaliyyətində silahlı təlimlərə məcbur edilən uşaqlardan istifadə edilir. Terror təşkilatının qondarma media orqanlarında da "döyüşçü uşaq”larla bağlı görüntülər və xəbərlər yer alır.

İyul ayında 18 uşaq qaçırılıb

Müxalif kürd qruplaşması olan "Müstəqil Kürd Liqası”nın məlumatına görə, PKK/YPG terrorçuları iyul ayında yaşları 14-17 arasında olan daha 18 (Qamışlı rayonunda 7, Haseke vilayətində 6, Hələb vilayətində 5) uşağı qaçıraraq təlim düşərgələrinə aparıblar. 

Suriyanın şimal-şərqində PKK/YPG-nin işğalı altında olan Qamışlı rayonunda qızı 2 il əvvəl terrorçular tərəfindən qaçırılan Sabah Anter avqustun 3-də AA müxbirinə "Onun məktəbində təlimi var idi. 4 gün idi ki, dərsə başlamışdı əlaqə kəsildi. Bölgədəki təhlükəsizlik qüvvələrinə və BMT ofislərinə gedib etiraz etdim. Sözümü demədiyim adam qalmadı, ancaq qızımı tapa bilmədim. Qızım 16 yaşında təşkilat tərəfindən qaçırılıb. Müəllim olmaq istəyirdi", deyib.

Aynularabdakı uşaq məzarları...

AA-nın 2022-ci ilin iyununda terror təşkilatı üzvlərinin dəfn edildiyi qəbiristanlıqdakı görüntülərində ərəb və kürdcə məzar daşları üzərindəki məlumatlardam 14-17 yaş arasında çoxlu uşağın basdırıldığı məlum olur.
-
PKK/YPG-nin işğalı altında olan Aynularab (Kobani) rayonunda tapılan məzar daşları terror təşkilatının ailələrindən məcburən ayırdığı uşaqları zorakılığa sürüklədiyini göstərir.

Beynəlxalq təşkilatlar da PKK/YPG-nin uşaqları zorla orduya cəlb etmə təcrübəsini sənədləşdirir

BMT baş katibi Antonio Quterreşin "silahlı qarşıdurmalarda uşaqlar” üzrə xüsusi nümayəndəsi Virciniya Qamba 29 iyun 2019-cu il tarixində BMT-nin Cenevrə ofisində PKK/YPG qruplaşmasının liderlərindən olan "Mazlum Abdi” kod adlı Ferhat Abdi Şahinlə "təşkilat daxilindəki döyüşçü uşaqların sərbəst buraxılması üçün" hazırlanan fəaliyyət planını rəsmi mərasimlə imzalayıb. Türkiyə məsələ ilə bağlı BMT-yə etiraz notası verib.

BMT İnsan Haqları Şurası 16 yanvar 2020-ci il tarixli hesabatında PKK/YPG terrorçularının Suriyada uşaqlardan döyüşçü kimi istifadə etdiyinə dair tapıntıları paylaşıb.

Terror təşkilatı PKK/YPG-nin uşaqları döyüşə cəlb etməsi ABŞ Dövlət Departamentinin 26 iyun 2020-ci ildə dərc etdiyi "2020 İnsan Alveri Hesabatı” ilə də gündəmə gətirilib.

"YPG Suriyanın şimal-qərbindəki qaçqın düşərgələrindən hətta 12 yaşlı qız və oğlanları da zorla cəlb etməyə və onlardan istifadə etməyə davam edir", deyə hesabatda bildirilir.

BMT-nin 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı "Silahlı Münaqişələrdəki Uşaqlar" illik hesabatında terror təşkilatı PKK və onun Suriyadakı qanadları - SDG və YPG-nin 2022-ci ildə 1200-dən çox uşağı döyüşçü kimi istifadə etdiyi bildirilib.

Hesabatda PKK-nın Suriya qolu olan SDG-nin 637, PKK/YPG və SDG-yə bağlı strukturların isə 633 uşağı sıralarına cəlb etdiyi qeyd edilib.

Hesabatda fikirlərinə yer verilən BMT baş katibi Antonio Quterreş "HPG/PKK-nın uşaqları döyüşçü kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları döyüşçü kimi və müxtəlif məqsədlər üçün istifadə etməyi dayandırmağa, öz sıralarında olan bütün uşaqları azad etməyə çağırıram", deyib.

Aydın