Dünya 18:21 07.03.2024

Politico: "Su çatışmazlığı səbəbindən Aİ ölkələri arasında münaqişələr yarana bilər"

Su çatışmazlığı səbəbindən Aİ ölkələri arasında münaqişələr yarana bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” Avropa Komissiyasının məxfi kommünikesinə istinadən yazır.

Sənəddə qeyd edilir ki, su qıtlığı tendensiyası artmaqdadır və əsrin sonunda tez-tez baş verən quraqlıqlar Aİ-nin iqtisadi artımını 7% azaltmaq təhlükəsi yaradır.
Kommunikedə qeyd edilir ki, su qıtlığı həyatın demək olar ki, bütün aspektləri - qida və içməli su, infrastruktur, insan sağlamlığı və əsas iqtisadi fəaliyyətlər üçün risklər yaradacaq. "Bu risklər müxtəlif formalarda ola bilər. Buraya transsərhəd su ehtiyatları üzərində üzv dövlətlər daxilində və arasında potensial münaqişə riski də daxil olmaqla sektorlar və istifadələr arasında su ehtiyatları uğrunda rəqabətin artması aiddir”, - kommünikedə deyilir.

Kommunikedə bildirilir ki, daşqın və quraqlıq kimi tez-tez baş verən hadisələr artıq Avropanın üzləşdiyi iqlim təhlükələrindən birinə çevrilib. Avropa Komissiyasının qiymətləndirməsi "Avropa üçün 36 əsas riski müəyyən edib, onlardan bəziləri artıq fəlakətli səviyyədədir və yüksək dərəcədə aktualdır”.

Bəzi Aİ ölkələrində artıq su təchizatı ilə bağlı mübahisələr var. İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya İspaniyanın mərkəzi hökumətini çay suyunu qonşu Araqondan yan keçirməyə inandırmağa çalışır. Fransada ötən il yeni su anbarlarının yaradılması planları ilə bağlı qarşıdurmalar olub.

Avropa Komissiyası planlardan çox geridə qaldıqlarına işarə edərək, üzv ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün hazırlıqları sürətləndirməyə çağırır. İqlim dəyişikliyi səbəbindən Avropa Komissiyası quraqlıq, daşqın, meşə yanğınları, həddindən artıq istilər, həmçinin epidemiyalar, məhsul çatışmazlığı və infrastrukturun zədələnməsi kimi daha çox təbii fəlakətlər gözləyir. AK-nin mühafizəkar hesablamalarına görə, iqlim dəyişikliyi 2100-cü ilə qədər birliyin iqtisadi artımını 7% azalda bilər.

Avropa Komissiyasının 2019-cu il üçün məlumatına görə, Avropa İttifaqı sakinlərinin üçdə birindən çoxu (38%) su çatışmazlığı ilə üzləşib. Quraqlıq Avropa iqtisadiyyatına hər il 2-9 milyard avroya başa gəlir. Ümumiyyətlə, üzv ölkələrin əksəriyyətinin kifayət qədər su ehtiyatları var, lakin xüsusilə cənub və qərbi Avropa ölkələrində quraqlıqlar daha tez-tez baş verir.

Nizami Bağırov