Dünya 15:00 08.12.2022

“Politico” Zelenskini ən nüfuzlu avropalı, Putini isə ilin uğursuzu seçdi

Ukrayna prezidenti Volodimir Zelenski "Politico”ya görə, 2022-ci ildə Avropanın ən nüfuzlu adamıdır. Qeyd olunur ki, Avropa dəyişir, avropalı olmaq anlayışı da dəyişir. Bu, "əsasən prezident olan ukraynalı komediya aktyoru ilə bağlıdır”.

Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

"Avropa liderlərinin indi simvolik yaşılı rəngli köynəkdə olan 44 yaşlı bir kişi ilə şəkil çəkdirmək üçün Kiyevə necə qaçdıqlarına baxın. Onun yanında dayanan siyasətçilər diqqət çəkməyə can atırlar. Zelenski Avropanın qalan hissəsini onun gələcəyinin Ukrayna ilə bağlı olduğuna inandırdı, halbuki fevrala qədər - Rusiyanın işğalından əvvəl buna çox az adam inanırdı. Zelenski "Avropanı istədiyini etməyə məcbur etdi”, - nəşr yazır.

"Politico” üçün yazılan müraciətdə Ukrayna prezidenti müstəqilliklərini müdafiə edən ölkə vətəndaşlarına, həmçinin "sabitliyi qoruyub saxlamağa kömək edən Avropadakı bütün dostlara” təşəkkür edib. "Mən inanıram ki, ukraynalılar gələn il də ən nüfuzlu adam olacaqlar, lakin artıq sülh dövründə", - Zelenski əlavə edib.

Ümumilikdə Politico 2022-ci ildə Avropanın ən nüfuzlu adamları reytinqinə 28 siyasətçini daxil edib. Onların arasında nəşrin "ilin uğursuzu” elan etdiyi Rusiya prezidenti Vladimir Putinin də adı çəkilir.

"Vladimir Putinin böyük Rusiya arzusu çətin ki, gerçəkləşsin. Onun Ukraynaya genişmiqyaslı hücumu, demək olar ki, başladığı kimi də tez dağılmağa başladı... Bu, Rusiyanı qiymətləndirmədiyi və xor gördüyü düşməni məğlub edə bilməyən 3-cü dərəcəli ölkəyə çevirdi. "Putinin inadkarlığı müharibənin uzanacağı anlamına gəlir... Putinin arzusuna çata bilməməsi o demək deyil ki, o, artıq qonşuları üçün qorxulu yuxu olmayacaq”.

"Politico” öz reytinqlərini "jurnalistlərinin və onların qarşılıqlı əlaqədə olduqları nüfuzlu insanların təcrübə və fikirləri əsasında” tərtib edib.

Dekabrın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın "Time” jurnalı və Britaniyanın "Financial Times” qəzeti tərəfindən "İlin adamı” seçilib.

Nizami Bağırov