Dünya 10:08 13.11.2023

Polşa Belarusla sərhəd yaxınlığında yeni tank taboru yerləşdirdi (FOTOLAR)

Polşa Belarusla sərhəd yaxınlığında Cənubi Koreya istehsalı olan K2 tankları ilə təchiz edilmiş yeni tank taboru yerləşdirib.

Qaynarinfo bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni tank taboru Belarusla sərhəd yaxınlığında (Brest vilayətinə yaxın) yerləşən Çartayev yaşayış məntəqəsində işə başlayacaq.

"Burada, Semyatiçsk rayonunda artıq 1-ci piyada legion diviziyasının Podlyaski diviziyasının tərkib hissəsi olacaq tank batalyonu var. Şərqdən hücum istiqamətlərinə baxsaq, onun vəzifəsi təcavüzkarın qarşısını almaqdan ibarət olacaq", dryə Polşa müdafiə naziri Mariuş Blaşçak bildirib.

Bildirilir ki, şərqdə təhlükə yaranarsa, yeni bölmənin vəzifəsi düşmənin hücum hərəkətlərinin qarşısını almaq üçün effektiv maneə yaratmaq olacaq.

Qeyd edək ki, son illər Polşa fəal şəkildə öz ordusunun modernləşdirilməsi siyasətini həyata keçirir. Bu da müasir silahların alınmasında, eləcə də döyüş hissələrinin yaradılması və bərpasında özünü göstərir.

Son vaxtlar Polşa ölkənin müdafiəsini gücləndirmək məqsədilə aktiv şəkildə müxtəlif hərbi texnikalar alır. "Telegraf" daha əvvəl qeyd edib ki, Polşa Rusiyadan gələn təhlükə fonunda Avropanın ən böyük quru ordusunu qurmaq istəyir.

Xüsusilə, Varşava artıq ABŞ-dan Abrams tankları və 486 ədəd HIMARS reaktiv yaylım atəşi sistemləri sifariş edib. Sonradan o da məlum olub ki, Polşa hökuməti Britaniya ilə hava hücumundan müdafiə vasitələrinin tədarükü üçün 5 milyard dollardan artıq məbləğdə müqavilə bağlayıb.

Nizami Bağırov