Dünya 16:40 24.10.2023

Polşa müxalifəti Tuskun baş nazir postuna namizədliyi ilə bağlı razılığa gəldi

Müxalifətin "Vətəndaş koalisiyası”, "Üçüncü yol” və "Levitsa” liderləri koalisiya yaratmağa və "Vətəndaş Platforması”nın lideri Donald Tuskun baş nazir postuna namizədliyini irəli sürməyə hazır olduqlarını rəsmən bəyan ediblər.

Qaynarinfo RMF FM-ə istinadən xəbər verir ki, bu barədə müxalifət liderləri birgə mətbuat konfransında bildiriblər.

Müxalifət partiyalarının liderləri prezident Anjey Dudaya müraciət edərək hökumətin ilk iclasının təyin edilməsini təxirə salmamağa, kimin çoxluğa sahib olduğunu hesablamağa və hökuməti qurmaq missiyasını dərhal qalib gələn müxalifət nümayəndəsinə həvalə etməyə çağırıb. 

"Biz prezidentdən mümkün qədər tez Seymin iclasını çağırmağı xahiş edəcəyik. Baş naziri seçmək üçün çoxluğumuz var", deyən Polşa Kəndli Partiyasının lideri Vladislav Kosiniyak-Kamış çərşənbə günü Duda ilə məsləhətləşmələrə gedəcəyini bildirib. 

"Üçüncü yol”un lideri Şimon Qolovnya da eyni məzmunda danışaraq, prezidenti "bir saniyəni də boş yerə sərf etməməyə” çağırıb.

Müxalifət partiyaları digər kadr razılıqları ilə bağlı hər hansı konkret məlumat verməyiblər. Tuskun sözlərinə görə, vəzifə bölgüsü - söhbət Seym və Senatın spikerlərindən gedir - "tərəfdaşlıq hissi və subyektlərin (koalisiyanın) bərabərliyi ilə” baş tutacaq.

Daha əvvəl bildirilib ki, prezident Duda çərşənbə axşamı seçkinin nəticələrinə görə parlamentə daxil olan siyasi partiyalarla məsləhətləşmələrə başlayacaq və müxalifətin potensial koalisiya ilə bağlı ilk təfərrüatları təqdim edəcəyi gözlənilir.

Duda ilə görüşə ilk olaraq hakim Qanun və Ədalət Partiyasının (PiS) nümayəndələri, ardınca "Vətəndaş Platforması” blokunun nümayəndələri gedəcək. Çərşənbə günü digər siyasi qüvvələrlə məsləhətləşmələr keçiriləcək. PiS yenidən baş nazir postuna Mateuş Moravetskini irəli sürməyi planlaşdırır.

Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, Seymdə 194 yer qazanacaq Qanun və Ədalət Partiyası formal qalib olub. Bununla belə, müxalifət əsl qalib hesab olunur, çünki "Vətəndaş koalisiyası” (157 mandat), "Üçüncü yol” (65 mandat) və "Levitsa” (26 mandat) alyansı çoxluq və koalisiya formalaşdırılması imkanı əldə edib.  

Bununla belə, hakimiyyətdə olan partiyanın "Üçüncü yol” blokunun tərkibində Seymə daxil olan Polşa Kəndli Partiyasından olan siyasətçiləri öz tərəfinə çəkə biləcəyi ssenarisi hələ də istisna edilməyib.

Nizami Bağırov