Dünya 18:51 13.11.2023

Polşanın Baş naziri istefa verdi

Polşanın Baş naziri Mateuş Moravetski istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib: "Parlament adətinə uyğun olaraq, mən istefaya getmək istəyirəm”.

Məlumata görə, hakim "Qanun və ədalət” partiyası parlament çoxluğuna malik olmadığına görə, Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moravetskiyə verəcək.

Bundan əvvəl "Vətəndaş Koalisiyasının” rəhbəri, Polşanın keçmiş Baş naziri və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk bəyan etmişdi ki, Polşada üç müxalifət birliyi,- "Vətəndaş Koalisiyası”, "Üçüncü Yol” və "Sol” partiyaları koalisiya sazişi imzalayıblar və hökumət qurmaq niyyətindədirlər.

Qeyd olunur ki, əgər müxalifət uğur qazansa, Tuskun ölkənin Baş naziri postuna namizədliyi irəli sürüləcək.