Ölkə 19:11 01.11.2022

"Premium Hotel"in müdiri ilə xadimə arasında köynək davası məhkəmədə bitdi

Gəncədə şəhərində fəaliyyət göstərən "Premium Hotel”nin müdiri ilə xadimə arasında "köynək davası"na məhkəmə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Aygül Nizaməddin qızı Gəncə Şəhər Prokurorluğuna şikayətində əmək müqaviləsi olmadan xadimə vəzifəsində çalışmasını, heç bir səbəb olmadan işdən qovulmasını, əmək kitabçasının ona qaytarılmamasını bildirib və şirkət barəsində tədbir görülməsini xahiş edib.

Zərəçəkən bildirib ki, hər iş günündə otel tərəfindən ona verilən köynəyi geyinib. Lakin bir gün həmin köynəyin oğurlandığı məlum olub. O, bu barədə rəhbərliyə məlumat verib. Otelin müdiri Elmar Bağırov ona başqasına məxsus çirkli və tərli köynəyi verərək geyinməsini istəyib. Amma zərərçəkən bundan imtina edib. Bu zaman Elmar Bağırov onu işdən qovmaqla hədələyib. Otel müdiri Aygül Nurəddin qızından könüllü şəkildə ərizə yazaraq, işdən çıxmasını tələb edib. Lakin o, bundan imtina edib və işdən çıxarılmasının əsassız olduğunu bildirib.

Onun prokurorluğa şikayətindən sonra - 07.09.2022-ci il tarixdə MMC-dən məktub gəlib və bildirilib ki, səbəbsiz olaraq işə getməyib. Aygül Nurəddin qızı iş yerinə getdiyi zaman isə yenidən ərizə yzaraq işdən çıxması təklif olunub. Əks halda isə Əmək Məcəlləsini pozmaqla işdən çıxaracaqlarını və bir daha heç bir yerdə işə düzələ bilməyəcəyini bildiriblər.

Məlum olub ki, Aygül işlədiyi dövrdə razılığa əsasən gündəlik 10 manat, aylıq 300 manat əmək haqqı almalı imiş. Əmək müqaviləsiz çalışdığı 18 günün əvəzində ona 180 manat nağd şəkildə verilib. Sonradan maaşının artırıldığı bildirilib və avqust ayında 350 manat verilib.

Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi bildirib ki, iş materiallarında MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilib. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlar faktı təsdiq edir. Ona görə də, məhkəmədən MMC barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş edib.

Elmar Bağırov izahatında bildirib ki, Aygül Nizaməddin qızı 12 iyul 2022-ci il tarixdə iş üçün müraciət edib, lakin ona əmək müqaviləsinin 3 avqust tarixdən rəsmiləşdiriləcəyi bildirilərək, həmin tarixdən işə çağırılacağını deyilib. Bundan sonra otelin digər işçiləri ilə münasibəti yaranıb və onların yanına daimi gəlib-gedib. Hansısa işlərin görülməsinə cəlb edilməyib. 1-2 avqust 2022-ci il tarixlərdə iş yerinə gələrək, işə başlamazdan öncə zəruri geyim və təmizlik vasitələri ilə təmin edilib, əmək funksiyaları ona izah edilib. Faktiki əmək fəaliyyətinə 3 avqust tarixində başlayıb, ilk günlərdə özünü nizamlı işçi kimi göstərib. Lakin sonradan müxtəlif bəhanələr gətirərək əmək intizamını pozmağa başlayıb. Sonuncu dəfə isə ona verilən köynəyin çirkli olmasını əsas gətirərək işləməkdən imtina edib. Mübahisədən sonra oteli tərk edib, ondan işə çıxması tələb edildikdə isə anası ilə otelə gələrək prokurorluğa şikayət verəcəyini bildirib və səs-küy yaradıb. Bundan sonra o prokurorluğa dəvət edilib. Elmar Bağırov Aygül tərəfindən verilmiş ifadəni təsdiq etməyib və protokolun ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edib.

Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə keçirilən məhkəmədə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, otelin qanuni təmsilçisi Məmmədov Rasim Eldar oğludur.

Əhməd