İdman 20:45 05.02.2023

Premyer Liqa: “Neftçi” “Sumqayıt”a qalib gəldi

Azərbaycan Premyer Liqasının XXI turunda daha bir oyun keçirilib.

"Report”un məlumatına görə, günün ikinci qarşılaşmasında "Neftçi” "Sumqayıt”ı sınağa çəkib.

"Gənclik şəhəri” təmsilçisi güclü rəqibinə bir hissə müqavimət göstərə bilib. "Ağ-qaralar” ikinci hissədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb. Paytaxt klubunun heyətində Solomon Kverkveliya (54-cü dəqiqə) və Mateus Saldanya (64) fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi” turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini bir qədər də möhkəmlədib. Laurentsiu Regekampfın yetirmələri artıq ən yaxın izləyiciləri "Zirə”ni 12 xal qabaqlayırlar. "Sumqayıt” isə aktivindəki 15 xalla səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında "Kəpəz” "Qarabağ”la (1:1), "Zirə” "Qəbələ” (2:2) ilə heç-heçə edib. Fevralın 6-da "Şamaxı” – "Turan Tovuz” və "Sabah” – "Səbail” görüşləri keçiriləcək.