İdman 10:58 01.02.2023

Premyer Liqada 20-ci tura bu gün yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. 

Günün ilk matçında "Sabah" "Qəbələ"nin qonağı olacaq.

Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 5-də əyalət təmsilçisi, 9-da paytaxt klubu qələbə qazanıb. 3 matçda qalib müəyyənləşməyib. Top fərqində bakılıların üstünlüyü nəzərə çarpır - 25:16. "Sabah" son 5 oyunda qol vurub və uduzmayıb. Son 7 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

Turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada 28 dəfə üz-üzə gəlib. Bunların 9-da "Neftçi”, 12-də "Zirə” qələbə qazanıb. Qalan 7 görüş heç-heçə ilə nəticələnib. Top fərqində Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda öndədir - 32:28. "Neftçi”nin meydanındakı son üç görüşdə hər iki komanda qol vurub. "Zirə” 9 oyundur səfərdə qalib gəlmir.

Azərbaycan Premyer Liqası, 20-ci tur

1 fevral

15:00. "Qəbələ” – "Sabah”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
VAR hakimləri: Fərid Hacıyev, Pərvin Talıbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.

17:30. "Neftçi” – "Zirə”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
VAR hakimləri: Nicat İsmayıllı, Cavanşir Yusifov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
"Bakcell Arena”.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb

"Sumqayıt" - "Turan Tovuz"a 2:1 
"Qarabağ" - "Şamaxı" 3:1
"Səbail" - "Kəpəz"ə 1:0

"Qarabağ” - 56, "Sabah” - 46, "Neftçi” - 38, "Zirə” - 31, "Qəbələ” - 26, "Turan Tovuz” - 17, "Şamaxı” - 16, "Sumqayıt” - 15, "Səbail” - 13, "Kəpəz” - 13

Səbuhi Həsənov