Dünya 18:27 13.01.2023

Putin özü hələ ki susur, Kremldə isə artıq hazırlıqlara başlanılıb - 2024-də...

Vladimir Putinin özü hələ 2024-cü il prezident seçkiləri kampaniyasında iştirak edəcəyini açıqlamasa da, Kremlin daxili siyasi bloku seçkilərin təyin olunmuş qaydada və hazırkı dövlət başçısının iştirakı ilə keçiriləcəyini əsas götürərək, artıq onun hazırlıqlarına başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" Prezident administrasiyasına yaxın mənbələrə istinadən yazır.
 
Nəşrin mənbələrinin sözlərinə görə, bu yaxınlarda administrasiya nümayəndələri ekspert icması ilə müvafiq məsləhətləşmələr aparıblar. Hələlik tədqiqat ilkin xarakter daşıyır: ideoloji komponentin hələ də aydın konturları yoxdur, baxmayaraq ki, onun birlik mövzusuna əsaslanacağı ehtimal edilir. Kreml rəsmiləri də gələcək federal seçkilərdə təcrübələrini nəzərə almaq üçün 2023-cü il regional seçkilərini yaxından izləmək niyyətindədirlər.

Növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək və seçki kampaniyası 2023-cü ilin dekabrında Federasiya Şurası tərəfindən rəsmi təyin edildikdən sonra, yəni bir ildən az müddətdə başlayacaq. Əvvəlki 2018-ci il prezident seçkiləri 2017-ci il dekabrın 17-də təyin edilmişdi və Vladimir Putin dekabrın 6-da seçkilərdə iştirak edəcəyini açıqlamışdı.

"Kommersant”ın mənbələrinə görə, Prezident Administrasiyasının daxili siyasi blokunun nümayəndələri müxtəlif seçki senariləri hazırlayır və kampaniyanın 2024-cü ildə plana uyğun gedəcəyindən və Putinin də orada iştirak edəcəyindən çıxış edirlər.

"Kommersant”ın həmsöhbətlərinin fikrincə, xüsusən də bu çərçivədə bu seçkilər bu yaxınlarda ekspertlərlə müzakirə olunub.

Prezident seçkiləri kampaniyası öncəsi son regional seçkilər 2023-cü ilin sentyabrına təyin edilib və "Kommersant”ın həmsöhbətinin qeyd etdiyi kimi, onlar kifayət qədər böyük sayda ərazilərə təsir edəcək. Bu o deməkdir ki, onlar 2024-cü ildə tətbiq oluna biləcək həm texnoloji, həm də məzmunlu ideyaları sınaqdan keçirə bilərlər. 

Nəşr xatırladır ki, bu il ən azı 20 bölgədə qubernatorların birbaşa seçkiləri, 16-da isə qanunvericilik məclislərinə seçkilər keçirilməlidir.

2023-cü ilin Vahid səsvermə gününə hazırlıqla məşğul olan mənbələrdən biri diqqəti ona yönəldir ki, seçkilər əslində Kremlin prezident seçkisində qarşılaşmalı olacağı bütün xüsusi şərtlərə malik olacaq: 

"Bu il üçün tapşırıqların həcmi böyükdür. Seçkilər xüsusi hərbi əməliyyat, sanksiyalar, beynəlxalq münasibətlərin gərginləşməsi şəraitində keçiriləcək. Bu il artıq rəqiblərin texnoloji həllərinə baxmaq mümkün olacaq. Beləliklə, bu və ya digər həlləri sınaqdan keçirmək üçün həqiqətən yaxşı ildir”.

Nizami Bağırov