Dünya 15:31 29.02.2024

Putin: “Rusiyanın strateji nüvə qüvvələri tam hazır vəziyyətdədir”

Vladimir Putin Rusiya Federasiyasının strateji nüvə qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini söyləyir və bir daha yeni silahların inkişafı ilə öyünür, onun sözlərinə görə, bu silahlar ya artıq Ukraynaya qarşı müharibədə istifadə olunur, ya da yaxın gələcəkdə qoşunlara təhvil veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Putin fevralın 29-da Federal Məclisdə çıxışı zamanı danışıb.

"Strateji nüvə qüvvələri zəmanətli istifadəyə tam hazır vəziyyətdədir. Silahlanma sahəsində bizim 2018-ci ildə mesajımda danışdığım şeylərin hamısı yerinə yetirilib və ya bu iş tamamlanmaq üzrədir.

Belə ki, "Xəncər” hipersəsli aviasiya kompleksi nəinki istifadəyə verilib, həm də "xüsusi hərbi əməliyyat” zamanı (ruslar Ukraynaya qarşı müharibəni belə adlandırırlar – red.) xüsusilə mühüm hədəfləri məhv etmək üçün yüksək effektivliklə istifadə olunur”.

Həmçinin, onun sözlərinə görə, "Zirkon” dəniz əsaslı hipersəs zərbə kompleksi artıq döyüşlərdə istifadə olunub.

"Onun haqqında 18-ci il mesajında hətta bir qeyd də olmayıb, lakin bu sistem artıq fəaliyyətdədir. "Avanqard" qitələrarası diapazonlu hipersəs bölmələri və "Perisvet" lazer sistemləri döyüş növbətçiliyindədir", - Putin bildirib.

O əlavə edib ki, hazırda Rusiyada "Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və "Poseydon” pilotsuz sualtı aparatının sınaqları tamamlanır.

"Qoşunlara ilk seriyalı "Sarmat" ağır ballistik raketləri çatdırılıb. Biz onları tezliklə döyüş növbətçiliyi əsasında yerləşdiyi ərazilərdə nümayiş etdirəcəyik", - o deyib.  

Rusiya rəhbəri təkid edir ki, "bir sıra digər perspektivli silah sistemləri üzərində iş davam edir”.

Unian qeyd edir ki, o, ənənəvi olaraq "bu müharibəni Donbasda biz başlamamışıq” yalanını təkrarlayıb və bir daha bəyan edib ki, rus işğalçıları "ona son qoymaq, nasizmi kökündən silmək, "xüsusi hərbi əməliyyatın” bütün vəzifələrini həll etmək üçün hər şeyi edəcəklər”.  

Eyni zamanda o, əmin edir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirmək niyyətində deyil.

Rusiya rəhbərinin fikrincə, bunların hamısı ABŞ-ın Rusiyanı Amerikaya faydalı danışıqlara sürükləmək üçün lazım olduğu ehtimal edilən "uydurmalardır”.

Alpər