Dünya 14:20 07.12.2023

Putin və Rəisi nəyi müzakirə edəcəklər? (ŞƏRH)

"İbrahim Rəisinin Rusiyaya səfəri zamanı müzakirə ediləcək ən vacib məsələ hərbi-ticari və Fələstin münaqişəsi olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu İran prezidenti İbrahim Rəisinin bu gün Moskvaya olan səfərini şərh edərkən deyib.

"Rusiya ilə İran münasibətlərində əsas müzakirə predmeti regional məsələlər olub. Bura Yaxın Şərqdə baş verən prosesləri, Suriya və Fələstin məsələsində mövqelərin bir daha uzlaşdırılmasını və Cənubi Qafqazdakı prosesləri aid edə bilərik. Həmçinin, müəyyən ticari və hərbi müstəvidəki əlaqələr də hər zaman gündəmdə olub. Bir müddət əvvəl Rəisinin Türkiyəyə səfəri də planlaşdırılmışdı, lakin təxirə salındı. Bu da Ankara ilə Tehranın Yaxın Şərq məsələsində, ilk növbədə ikili dövlət məsələsində fərqli mövqelərdə olması ilə bağlı ola bilər. Düşünürəm ki, Rusiya ilə müəyyən mövqelərin uzlaşdırılmasına ehtiyac yaranıb. Bu istiqamətdə də müəyyən fikir mübadiləsi aparıla bilər. Gündəmdə olan digər məqam Fars körfəsində Çin, Rusiya və İranın ortaq hərbi təlimləridir”. 
 


Həmsöhbətimiz Rəisinin səfərinin qəfil adlandırılmasını doğru hesab etmir:

"Deməzdim ki, səfər qəfildir. Bu cür fikir mübadilələri aparılıb. Gündəmin geniş olmasının nəticəsidir ki, Rəisini səfərdə yüksək rütbəli iqtisadi və siyasi heyət də müşahidə edəcək. Bu mənada səfərin qəbul olduğunu düşünmürəm. Sadəcə, səfər gec elan oluna bilər. Amma bu kimi proseslər Qərbin İran və Rusiyaya təzyiqləri fonunda iki ölkə arasında mütəmadi şəkildə davam edir”. 

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi Moskvaya səfərə yollanıb. Burada onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. 

Rüfət Sultan