Dünya 18:03 18.08.2023

Putin və Rəisinin telefon danışığında bu məsələlər müzakirə edilib (ŞƏRH)

"Putinin Rəisi ilə telefon danışığının əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi olub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"İranla Rusiya əhatəli ticarət əlaqələrinə malikdirlər. Bura təkcə adi ərzaq, tikinti materialları istiqamətində deyil, həm də hərbi-texniki sahə üzrə əməkdaşlıq məsələləri də daxildir. İranla Rusiya hərbi-texniki əməkdaşlıq məsələsini üçüncü dövlət, Belarus vasitəsilə həyata keçirir”, deyə Sədrəddin Soltan bildirib.

Ekspert qeyd edib ki, İranın hərbi heyəti Rusiyada səfərdə olub: "Fikrimcə, Putinin Rəisi ilə telefon danışığının əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla bağlı olub. Tehran Ukrayna müharibəsilə əlaqədar Rusiyaya PUA-lar vermədiyini bəyan edir”.



Ekspert qeyd edib ki, hər gün Ukraynada az qala 15-20 İran istehsallı PUA məhv edilir. Habelə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə oluna bilər: "Hər iki ölkənin neft-qaz sektoruna sanksiyalar tətbiq olunub. Bu mənada ola bilsin ki, Tehranla Moskva arasında bu məsələyə dair təcrübə mübadiləsi də var”. 

Həmsöhbətimizə görə, Putin Rəisilə özü üçün qaranlıq görünən bir sıra digər məsələləri də müzakirə edib: "ABŞ İranın Cənubi Koreya banklarındakı 6 milyard dollarlıq vəsaitə qoyduğu həbsi götürüb. Putinlə Rəisi arasında bu tip məsələlərin, yəni ABŞ-İran münasibətlərindəki yumşalmanın perspektivdə Tehran-Moskva əlaqələrinə təsir imkanları da müzakirə oluna bilər”.

Ekspert deyib ki, Moskva özü üçün qaranlıq görünən bu tip məsələləri İranla müzakirə etməklə müəyyən arxayınlıq yaratmaq istəyir. 

Qeyd edək ki, Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı olub. Prezidentlər ticarət, nəqliyyat və logistika və enerji sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. 

Rüfət Sultan