Dünya 20:03 17.04.2022

"Putinə zəng etməyin mənası yoxdur, çünki..." - İtaliya Baş naziri

"Vladimir Putin müharibəni davam etdirmək istəyir və Vladimir Zelenski ilə görüşmək istəmir. Rusiya prezidenti ilə danışmaq vaxt itkisidir".

Qaynarinfo xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi "Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

Baş nazir jurnalistin "Daha əvvəl Putinlə telefonla danışmısınız. Diplomatik söhbətlə onun qarşısını almaq olarmı" sualına belə cavab verib:

"Telefon danışığında ona dünya haqqında danışmaq üçün zəng etdiyimi söylədim. Ondan soruşdum: "Zelenski ilə nə vaxt görüşürsən? Çıxış yolunu ancaq ikiniz tapa bilərsiniz". O cavab verdi ki, "hələ vaxt gəlməyib". Mən təkid etdim ki, atəşkəs haqqında qərar verin. Amma nəticəsi olmadı". 

Draqinin sözlərinə görə, daha sonra Putin Rusiya qazının Rusiya Federasiyasında hələ rəsmi olaraq qəbul edilməmiş rublla ödənilməsi barədə danışmağa başlayıb. Bundan sonra onlar bir neçə gün sonra görüşməyə razılaşaraq sağollaşıblar. Və sonra dünya Buçada rus işğalçılarının hərbi cinayətlərini görüb:

"Mən onunla danışmağın mənasız olduğunu, sadəcə vaxt itkisi olduğunu söyləyənlərin haqlı olduğunu düşünməyə başlayıram. Həmişə Makronu müdafiə etmişəm və Avropa İttifaqı prezidenti kimi onun haqlı olduğunu iddia etməyə davam edirəm. Dialoqun bütün mümkün yollarından istifadə etmək lazımdır. Ancaq məndə belə bir təəssürat yarandı ki, müharibənin dəhşəti, onun qırğınları, onların uşaqlara və qadınlara etdikləri ilə deyilən sözlərdən və telefon zənglərindən asılı deyil".

O, İtaliyanın Ukraynanın yanında olacağını bildirib: 

"Səfirliyimiz artıq Kiyevdə işini bərpa edib. Bir çoxları kimi, mən də düşünürdüm ki, Rusiyanın sürətli qələbəsi qonşu dövlətlər üçün təhlükə olacaq. Lakin bu, baş vermədi. Qələbə olmadı və bunun nə vaxt olacağını da bilmirik. Prezident Zelenskinin dediyi kimi, Ukraynada xalq orduya çevrilib. Biz uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.

Aydın