Dünya 14:30 13.03.2024

Putinin Türkiyə səfəri nə vaxt baş tutacaq? (ŞƏRH)

"Ciddi bir hadisə baş verməsə, Putinin Türkiyəyə planlaşdırılan səfəri reallaşacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya prezidenti Vladimir Putinin Türkiyədəki bələdiyyə seçkisindən sonra Ankaraya gözlənilən səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Türkiyə və Rusiya dövlət başçılarının bundan əvvəl də bir neçə dəfə qarşılıqlı səfərləri olub və bu səfərlər fonunda hər iki ölkə üçün əhəmiyyətli olan sənədlər imzalanıb:

"Putinin Türkiyəyə nəzərdə tutulan səfərinin iki dəfə təxirə salınması isə hər iki dövlət başçısının qrafiklərilə bağlı olub. Eyni zamanda, regional siyasi proseslərin əks təsirləri də bu görüşlərin təxirə salınmasına səbəb olub. Ancaq Rusiyada keçiriləcək prezident seçkisi və Türkiyədəki bələdiyyə seçkisindən sonra hər iki dövlər başçısının iş qrafikində kifayət qədər sərbəstlik yaranacaq. Bu baxımdan, iki ölkənin bu və ya digər regionda qarşılıqlı maraqlarında toqquşma baş verməsə, planlaşdırılan səfərin təxirə salınması ehtimalı azdır. Görüş baş tutarsa, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, strateji sahədə əməkdaşlığın genişləndirilməsi və regional məsələlər müzakirə olunacaq".
 


Ekspert vurğulayıb ki, Ukraynada və Qara dəniz hövzəsində cərəyan edən olaylar, Cənubi Qafqaz və Yaxın Şərq məsələləri, xüsusən Suriya və İraq istiqamətində qarşılıqlı əməkdaşlıq tərəflər arasında danışıqlarda diqqət mərkəzində olacaq:

"Hər iki ölkə liderləri həmçinin bəzi qlobal məsələləri də müzakirə edəcəklər, xüsusən də Afrikada hər iki dövlətin birgə maraqlarına xidmət edən məsələlərdə ortaq məxrəcin tapılmasına da çalışacaqlar". 

Qeyd edək ki, Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib. 

"Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur-red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti  Vladimir Putini qəbul edəcəyik", deyə Ərdoğan bildirib. 

Xatırladaq ki, Putinin Türkiyəyə səfəri hələ keçən ilin sonlarında baş tutmalı idi. Lakin səfər iki dəfə təxirə salınıb. 

Rüfət Sultan