Ekonomiks 16:10 20.07.2022

“Qaçqınkom”un qaz təsərrüfatı üzrə ixtisaslaşan şirkətə yol çəkilişini tapşırdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti "Eenermus” QSC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 245 454.16 AZN təşkil edən müqavilədə Ağdam rayonunda məcburi köçkün qəsəbəsinin qum-çınqıl örtüklü daxili yollarının təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Enermus” QSC 7 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Elbrus Kamal oğludur. Açıq mənbələrdə Elbrus Məmmədov haqqında hər hansı məlumat yoxdur. 

"Enermus” QSC-yə gəlincə, şirkət əvvəllər "Goldmoon” MMC adı altında fəaliyyət göstərib. 2021-ci ildə şirkət adını və təşkilatı hüquqi formasını dəyişərək "Eenermus” QSC-yə çevrilib.

"Eenermus”un veb-səhifəsində şirkətin qaz təsərrüfatı üzrə ixtisaslaşdığı qeyd edilib. "Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Elektriksiz İşləyən Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır”, deyə şirkət haqqında məlumatda bildirilir.

Maraqlıdır, "Qaçqınkom”un qaz təsərrüfatı üzrə ixtisaslaşan şirkətlə yol çəkilişi ilə bağlı müqavilə bağlaması hansı zərurətdən yaranıb? Bu sualın cavabı açıq qalır.

Seyid