Xəbər lenti

Dünya 16:12 14.08.2023

Qara dənizin NATO dənizinə çevirilməsi: "Öncə Rusiya donanması məhv edilməlidir"

"Qara dənizin NATO dənizi olması üçün öncə oradakı Rusiya donanması məhv edilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Qara dənizin NATO dənizinə çevrilməsi ehtimalından danışarkən deyib. 

Politoloq qeyd edib ki, Qara dənizin NATO dənizinə çevrilməsi məsələsi hələlik bir xəyaldır. 

"Yəni, hələlik bu istək gerçəkləşməyib. Baltik dənizi də hələlik tam olaraq NATO dənizi deyil. Orada Rusiyanın Baltik donanması mövcuddur. Qara dənizin NATO dənizinə çevrilməsi üçün Rusiyanın buradakı donanması məhv edilməyib. Bu dənizlərin NATO dənizinə çevrilməsini istəyirlərsə, onda Baltik və Qara dənizdəki rus donanmaları məhv edilməlidir”, deyə Zərdüşt Əlizadə vurğulayıb.



Politoloqun sözlərinə görə, problemin sivil həlli üçün Rusiyada hər hansı bir xarici siyasi iddiaları olmayan siyasi rəhbər hakimiyyətə gətirməlidirlər:

"Qara dənizin NATO dənizinə çevrilməsi Moskvanın Qərbə tabe olması anlamına gəlir. Belə ki, Baltik və Qara dənizdəki rus donanmasının məhvi Rusiya dövlətinin güc mərkəzi kimi fəaliyyətinə də birdəfəlik son qoya bilər. Belə vəziyyətdə Rusiya artıq indiki kimi güc dili ilə danışmaq imkanından məhrum ola bilər. Bu isə Moskvanın maraqlarına cavab vermir. Ona görə də onlar sözügedən məsələnin baş tutmasına bütün vasitələrlə mane olmağa çalışırlar”. 

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba Qara dənizin də Baltik dənizi kimi NATO dənizinə çevrilməsi vacibliyini vurğulayıb. Hazırda Qara dənizdə həm NATO, həm də Rusiya donanması yerləşir. Dənizin Türkiyə və Rumıniya sahilləri NATO-nun nəzarəti altındadır. Lakin şərq sahillərində Rusiya hökmranlıq edir. Rusiya-Ukrayna müharibəsi istər-istəməz bu dənizin də gələcək taleyi məsələsini ortaya qoyub. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->