İdman 16:00 25.01.2023

"Qarabağ" 2023-ə qələbə ilə başladı

Azərbaycan Premyer Liqasında 19-cu tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə daha bir qarşılaşma keçirilib. "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. 

Görüşün 10-cu dəqiqəsində "Qarabağ" Musa Qurbanlının qolu ilə hesabı açıb. 23-cü dəqiqədə meydan sahibləri Runi Evanın sayəsində bərabərliyi təmin edib. Ancaq çox keçmədən Ağdam klubu ikinci dəfə hesabda irəli keçib. 27-ci dəqiqədə Ramil Şeydayev fərqlənib. Asan şəkildə "ağ bayraq" qaldırmaq niyyətləri olmayan tovuzlular 85-ci dəqiqədə yenə hesabı bərabərləşdirib. Bu dəfə Ehtiram Şahverdiyev rəqib qapısının torunu silkələyib. Belədə təzyiqi artıran Qurban Qurbanovun komandası cəmi 4 dəqiqə sonra üçüncü qolu vurub. Bu qolu Bəhlul Mustafazadə öz aktivinə yazdırıb. Beləliklə "Qarabağ" çətin səfər matçından 3 xalla ayrılıb.

Bu gün Premyer Liqa çərçivəsində daha bir oyun keçiriləcək. "Sumqayıt" səfərdə "Zirə"nin qonağı olacaq. Saat 17.00-da başlayacaq qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

Səbuhi Həsənov