Siyasət 15:35 10.01.2024

Qarabağa dair çərçivə sazişi nə zaman imzalana bilər? (ŞƏRH)

"Çərçivə sazişinin imzalanacağı ehtimalı böyükdür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycanın sülh müqaviləsilə bağlı təkliflərində müəyyən irəliləyişlərin olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, söhbət çərçivə sazişindən gedir:



"Bu sənəddə isə hansısa məsələləri tam həlli nəzərdə tutulmur. Sadəcə olaraq, gələcək danışıqlara aid bu və ya digər beynəlxalq qanunlara uyğun prinsiplər bəyan olunacaq. Bu prosesin əsasını qoyan Azərbaycan tərəfidir. Burada da beynəlxalq qanunlara uyğun olan 5 prinsip irəli sürülüb. Ermənistanın bu prinsipləri dəstəkləməsi sənədin əsas məqsədidir. Rəsmi İrəvanın bu və ya digər şəkildə həmin prinsipləri şərh etməsi heç də o demək deyil ki, onlar Azərbaycanın mövqeyinə qiymət verə bilərlər. Mövzulara aid danışıqlar, sərhədlərin müəyyən, kommunikasiyaların bərpa olunması, humanitar məsələlər isə sonra baş verəcək. Sadəcə olaraq, postkonflikt dövrünə aid prinsiplər sənədinin razılaşdırılması artıq mümkündür və bu baş tutacaq". 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən irəliləyişlərin olduğunu deyib:

"Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük. O, qeyd edib ki, delimitasiya  prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir". 

Rüfət Sultan