Siyasət 14:15 29.11.2022

Qarabağda yeni savaş alovlanır: Gərginliyin artmasında kim maraqlıdır?

Qarabağda Rusiya "sülhməramlıları”nın arxasında gizlənən erməni silahlı quldur dəstələri son günlər görünməmiş dərəcədə fəallaşıb. Separatçıların Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində mövqelərinin atəşə tutması artıq adi hal almaqdadır. İndi Ermənistanla sərhəddəki mövqelərimizlə yanaşı, Qarabağdakı hərbi postlarımız da faktiki hər gün, fasiləsiz və intensiv atəşə tutulur. 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, noyabrın 28-i axşam Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Həmin günü, saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. 

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, ermənilərin son zamanlar yenidən azğınlaşmasının arxasında iki niyyət dayanır:



"Rusiya Azərbaycana təzyiq etməklə "rus sülhməramlılarının” uzun müddət Qarabağda qalmasını təmin etmək istəyir. Digər tərəfdən, bu kimi hərəkətlərlə dünyaya göstərmək istəyir ki, guya Qarabağda əsas sülh yaradan tərəf Rusiyadır. Bununla Moskva özünü dünyaya və Azərbaycana sülhün əsas dayağı göstərmək istəyir. Bu kontekstdə də separatçı rejimin quldur dəstələrini atəşkəsi pozmağa təhrik edirlər”. 

Politoloq qeyd edir ki, Qarabağda atəşkəsin pozulması hallarının intensivləşməsində İrəvan da maraqlıdır. Onun dediyinə görə, Ermənistan  bununla Qarabağda Azərbaycanla rus qoşunlarını üz-üzə qoymağa çalışır:

"Çünki belə bir qarşıdurma olduğu təqdirdə Rusiyanın Ermənistana yardım edəcəyini düşünürlər. İrəvanda düşünürlər ki, onlara görə itirilən torpaqlar, bir sıra strateji yüksəkliklər geri qaytarıla bilər. Bu yolla Ermənistan sərhədlərin müəyyənləşməsi və qondarma rejimlə bağlı məsələdə özünə uyğun vəziyyət yaratmaq istəyir”. 

Natiq Mirinin fikrincə, Azərbaycan son günlər ermənilər tərəfindən artan atəşkəsin pozulması hallarının qarşısını almaq üçün ilk növbədə Rusiyaya xəbərdarlıq etməlidir:

"Son həftədə Rusiya və Azərbaycan müdafiə nazirləri arasında ciddi yazışma və açıqlama savaşı gedir. Azərbaycan qanunlara uyğun hərəkət etsə də, Rusiya bunu gözardı edərək, özünün bildiyi musiqini çalır. Bu faktın özü də göstərir ki, Kremlin konkret geosiyasi niyyətləri var. Bakı Moskva ilə qarşıdurma yaratmadan Rusiyaya öz öhdəliklərini xatırlatmalı və konkret zaman çərçivəsində 10 noyabr sənədinin 4-cü müddəasının təmin edilməsini tələb etməlidir. Rusiya buna getmədiyi təqdirdə isə Milli Məclis öz fəaliyyətlərini yerinə yetirə bilmədiyi və ya etmək istəmədiyini faktlarla göstərməklə, rus sülhməramlılarının dərhal, qeyd-şərtsiz Qarabağı tərk etmələri barədə qərar çıxarmalıdır. Bundan sonra Rusiya Azərbaycanla hərbi qarşıdurmaya gedə bilməz. Rusiyanın imkanları yoxdur. Çünki Azərbaycanla qarşıdurma yaratması həm də Türkiyə ilə qarşıdurma yaratmaq anlamına gələ bilər. Sülhməramlılar Qarabağdakı terrorçu ünsürləri çıxarmaq fikrində deyilsə, onda Moskvadan buradakı mövqeyindən geri çəkilməsi və Azərbaycanın keçirəcəyi antiterror əməliyyatına əngəl törətməməsi tələb olunmalıdır”.
 
Rüfət Sultan