Dünya 15:02 30.01.2024

Qaribaşvili niyə istefa verdi və bundan sonra nə baş verəcək? (ŞƏRH)

"Bu istefa Gürcüstanda heç bir dəyişikliyə səbəb olmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Gürcüstan baş naziri İrakli Qaribaşvilinin istefasını şərh edərkən deyib.

Ekspert bildirib ki, Gürcüstanda baş nazirin istefaya getməsi siyasi analitiklər üçün bir qədər gözlənilməz olub: 

"İrakli Qaribaşvilinin istefasını müxtəlif aspektlərdən interpretasiya etməyə çalışırlar. Qaribaşvili isə istefasını hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının daxili demokratik ənənəyə sadiq olması kimi izah etdi. O, istefa qərarnı demokratik rotasiya prinsipindən irəli gələrək atdığını bəyan edir. Amma istefa Qaribaşvilinin siyasətdən uzaqlaşması anlamına da gəlmir. Belə fərziyələr də səslənirdi ki, Qaribaşvilini hakim partiyanın təsisçisi Bdzina İvanişvilinin oğlu əvəzləyəcək. Amma daha çox aksent hakim partiyanın hazırkı sədri İrakli Kobaxidzeyə verilir. Bu şəxs Almaniyada təhsil alıb. Gürcüstanda hazırda az da olsa rusiyameylli qüvvələr var. Amma ictimai rəyin böyük əksəriyyəti Qərbmeyllidi".
 


Ekspert bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliyi hər iki qütbün - həm Qərb, həm də Rusiyanın marağındadır:

"Gürcüstan müxalifəti yeni şəxsin baş nazir olması ilə də ölkədə heç bir dəyişikliyin olmayacağını bəyan edir. Onlar bunu hakim partiyanın fəxri sədri İvanişvilinin ssenarisi kimi dəyərləndirirlər. Bu əsasda da baş nazirin istefası fonunda daxili və xarici siyasət elə də ciddi dəyişiklik olacağını gözləmirlər". 

Qeyd edək ki, Gürcüstan baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib. Məlumatlara görə, bundan sonra hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze baş nazir postunu, Gürcüstanın indiki baş naziri İrakli Qaribaşvili isə partiya sədri postunu tutacaq. 

Rüfət Sultan