Ölkə 13:59 06.06.2023

Qaynarinfo yazdı, fermerin problemi qismən həll edildi

Masallıda fermerin ot sahəsinin suvarılması üçün Ekologiya Təbbi Sərvətlər Naziriyi tərəfindən quraşdırılan böyük həcmli su nasosu gecə vaxtı sökülüb.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Qızılağac kənd sakini, fermer Anar Abbasov məlumat verib. Onun sözlərinə görə, Qaynarinfo-da "70 ailə çörəksiz qala bilər – Fermer mediadan kömək istədi” başlıqlı yazıdan sonra gecəykən götürülən su nasosunun yerinə qum tökülüb.

"400-500 həcmli mühərrik idi, bütün suyu çəkib aparırdı. Su istədiyimiz kimi verilmir,  deyirlər növbə ilə verilməlidir. Xiyar elə bitkidir ki, ona hər gün su lazımdır. Kəndə gələn  suyun xəttini iki yerə bölüblər, bu üzdən hər iki tərəfə növbə ilə su verirlər. Biz də su tələb edəndə deyirlər darıxma, veriləcək. Xiyar tağı körpədir, həftədə bir gün suvarılma ilə olmaz, ona hər gün su verilməlidir”,- deyə fermer bildirib. 

Anar Abbasov vurğulayıb ki, əkin sahələri kəndin içi ilə gələn su ilə suvarılmalıdır: 

"Bu da kəndin bələdiyyəsindən asılıdır. Kənd  bələdiyyəsi istəsə bütün sahələrin vaxtında suvarılmasına şərait yaradar. Əlaqədar  təşkilatlardan xahiş edirəm, bizə bu işdə dəstək olsunlar, 70 ailənin çörəyi bu sahədən çıxır”. 

Qeyd edək ki, ötən həfdə Qaynarinfo-fa "70 ailə çörəksiz qala bilər – Fermer mediadan kömək istədi” başlıqlı yazı dərc olunub. Yazıda Massalı  rayonunda 70 ailənin yeganə dolanışıq yeri olan 6 hektarlıq xiyar sahəsinin susuzluqdan yanması haqqında məlumat verilib. 

Bahar Rüstəmli