Xəbər lenti

Dünya 17:10 03.04.2024

Qazaxıstan hərbi paradı niyə ləğv etdi? (ŞƏRH)

"Qazaxıstanın 9 may hərbi paradını ləğv etməsi həm siyasi, həm də hərbi-siyasi məsələlərlə bağlı ola bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qazaxıstanın mayın 9-da Qələbə günü münasibətilə keçirilən hərbi paradı ləğv etməsinə münasibət bildirərkən deyib.

Əlimusa İbrahimovun sözlərinə görə, adətən hərbi paradlarda bu və ya digər ölkənin həmin sahədə əldə etdiyi nailiyyət və uğurlar, o cümlədən ölkənin əldə etdiyi, özünün yaratdığı hərbi texnikalar nümayiş etdirilir:
 


"Ola bilsin Qazaxıstan həmin sahədə son illər hansısa bir nailiyyətə imza ata bilməyib. Ölkənin güman ki, hərbi sənayenin inkişafı istiqamətində hər  hansı bir nailiyyəti yoxdur. Deməli, belədə paradda nümayişə çıxaracaq yeni hərbi texnikalar yoxdur. Görünür, 9 May hərbi paradının ləğvi məsələsində məhz bu amil əsas rol oynayıb. Siyasi səbəbə gəlincə, 9 May adətən SSRİ ilə bağlı olub. İndi isə belə bir dövlət yoxdur. Belə olan halda yaranan  müstəqil dövlətlərin həmin hadisəni SSRİ ilə bağlamaları əhali arasında müəyyən narazılıq doğura bilər". 
 
Həmsöhbətimiz düşünür ki, yaxın gələcəkdə Qazaxıstan hərbi paradla bağlı müəyyən bir tarix müəyyənləşdirəcək:

"Ona görə də hərbi paradın mayda keçirilməməsi müvəqqəti xarakter daşıyır".

Qazaxıstan artıq 5-ci ildir ki, Qələbə günü münasibətilə may ayının 9-da hərbi parad keçirmir. Halbuki bu ənənə MDB ölkələrinin demək olar ki, hamısında bu günə qədər davam etdirilir. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü il mayın 9-da Qazaxıstanda hərbi paradın keçirilməsi büdcəyə qənaətə görə planlaşdırılmayıb. Mənbə yazır ki, Silahlı Qüvvələrin bölmələrinin  döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritet hesab edilir. 

Xatırladaq ki, 2020 və 2021-ci illərdə koronavirusun yayılmasına, 2022 və 2023-cü illərdə isə pula qənaətə görə bu ölkədə hərbi parad keçirilməyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?