Sənət 10:16 30.09.2022

Qazi və şəhid ailələrinə ödənişsizdir... - “İlin beşinci fəsli” (FOTO)

29 sentyabr 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı Etibar Muradxanlının yeni çapdan çıxmış "İlin beşinci fəsli” kitabının təqdimatı keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, ədəbiyyatşünas alim Nizami Cəfərov, yazıçı, millət vəkili Aqil Abbas, millət vəkili İqbal Məmmədov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, görkəmli şair-publisist Ağacəfər Həsənli, Hərbiçi, polkovnik, yazıçı Abdulla Qurbani və bir çox digər yazar və tanınmış şəxslər çıxış edərək kitab haqqında öz mülahizələrini və fikirlərini bildiriblər. 

Təqdimatda Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Azərbaycan yazıçılarının görkəmli nümayəndələrindən Əliabbas Bağırsoy, Aslan Quliyev və bir çox yazıçı, şair və publisistlər, şəhid ailələri, qazilər və hərbiçilər iştirak etmişlər. Romanın qəhrəmanlarından Şəhid kapitan Ülvi Hüseynovun, Xüsusi təyinatlı şəhid baş leytenant, Azərbaycan Bayrağı ordenli Əliqismət Yaqublunun, şəhid Səid Rəşidzadənin və bir-neçə digər şəhidimizin valideynləri və ailələri iştirak ediblər. Şəhid kapitan Ülvi Hüseynovun atası və şəhid baş leytenant Əliqismət Yaqublunun atası Mükafat Yaqubov da çıxış edərək şəhid oğullarının qəhrəmanlıqları barədə kitab yazaraq adlarını əbədiləşdirdiyi üçün Etibar Muradxanlıya təşəkkür ediblər. 

Təqdimat mərasimini tənqidçi Əsəd Cahangir idarə edib.

Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını inandırıcı, təsirli döyüş səhnələri vasitəsilə əks etdirən "İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən "Siz mühasirədəsiniz, leytenant” və "Tələbə taqımı”ndan sonra bu, müəllifin müharibə mövzusunda üçüncü kitabıdır. 

"İlin beşinci fəsli” əsəri İkinci Qarabağ müharibəsi haqqında Azərbaycan ədəbiyyatında ilk romandır. Onuda qeyd edək ki, "İlin beşinci fəsli" sənədli bədii romanı " Ziyadar" mükafatına layiq görülüb. Mükafatı yazar Zaur Ustac elə təqdimat mərasimində Etibar Muradxanlıya təqdim edib.

Qeyd edək ki, kitab qazi və şəhid ailələrinə ödənişsizdir. Satışdan əldə edilən gəlir YAŞAT fonduna hədiyyə olunacaq.