Dünya 14:34 31.01.2024

Qərb Paşinyanı devirib, Qriqoryanı hakimiyyətə gətirir? (ŞƏRH)

"Belə söhbətlərin heç bir əsası yoxdur. Ola bilər ki, ictimai rəyi öyrənmək üçün bu fikri gündəmə gətiriblər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Qərbin Ermənistanın baş naziri Nikol Paşinyanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzləyəcəyilə bağlı erməni mətbuatında gedən yazıları şərh edərkən deyib.

"Bu sayaq açıqlamalar hətta əsas gündəmi dəyişdirmək, cəmiyyətin diqqətini yayındırmaq üçün də atıla bilər. İdeyanın gündəmə gətirilməsi kimlərinsə marağında da ola bilər. Qriqoryan Paşinyanın əlinin altında, ona ən yaxın adamlardan biridir. Xüsusi missiyalı danışıqlar zamanı, Paşinyan Qriqoryanı qabağa verir", deyə politoloq bildirib.
 


İlqar Vəlizadə deyib ki, Qriqoryan ABŞ və Avropa İttifaqı ilə danışıqlarda əsas fiqurdur:

"Paşinyan hər hansı bir məqamda onu ümumiyyətlə vəzifədən uzaqlaşdıra bilər və yaxud o, hansısa formada baş naziri əvəzləyə də bilər. Ona görə də Qriqoryanın Paşinyana müxalif olması məsələsinə ciddi yanaşmıram. Belə bir versiya real görünmür. Real görünməyən versiya üzərində çox dayanmağa da ehtiyac yoxdur. Bu addım sadəcə ermənisayağı siyasətdir. Stəkanda fırtına yaratmaq istəyindən irəli gəlir". 

Erməni nəşri "Hraparak" iddia edir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hakim "Vətəndaş Sazişi" Partiyasının üzvləri ilə münasibətləri "güclü inamsızlıq zonasına keçib". Nəşr iddia edir ki, baş nazir Paşinyanın rəhbərlik etdiyi siyasi düşərgədə Qriqoryan hansısa  məqamda komandadan ayrılaraq "önə keçdiyi üçün" Nikolun daha öz qərbyönlü silahdaşına qarşı isti münasibəti yoxdur və hətta "artıq hamı  Qriqoryanın Qərb tərəfindən seçilmiş və Paşinyanın varisi qismində görməkdədir".

Rüfət Sultan