Dünya 16:49 15.02.2023

Qırğızıstanın eks-prezidenti Atambayev ölkəni tərk edib - Səbəb nədir?

Fevralın 14-də həbsdən çıxan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev kiçik oğlu Kadırla birlikdə tibbi müayinədən keçmək üçün Dubay vasitəsilə İspaniyaya uçub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

Atambayev bir gün əvvəl koloniyadan çıxaraq müalicə üçün getməyi planlaşdırdığını, lakin sonra qayıdacağını bildirib.

Atambayevin vəkili Sergey Slesarev bildirib ki, müvəkkilinin xaricə getməsinə heç bir maneə yoxdur.

"Onun tibbi müayinədən keçməsi lazımdır, ondan sonra cərrahi müdaxiləyə qərar veriləcək. Bunun nə qədər vaxt aparacağını söyləmək hələ çətindir”, - Slesarev bildirib.

O, Atambayevə qarşı qalan cinayət işlərinə də münasibət bildirib.

"Hüquqi baxımdan ittihamın lehinə heç bir əsas yoxdur. Nəsə olsa da, məsuliyyətə cəlb oluna bilməzdi. Atambayevin toxunulmazlıq statusu var idi və bu, pozulub”, – vəkil bildirib.

Fevralın 14-də Qırğızıstanın Ali Məhkəməsi 11 il müddətinə azadlıqdan məhrum edilən Atambayevin işinin yeni açılmış hallara görə baxılmaq üçün göndərildiyini elan edib. Bişkekin Pervomayski məhkəməsi eks-prezidentin müalicə üçün ölkəni tərk etməsinə icazə verib. Bu qərar əsasında o, koloniyadan azad edilib.
Atambayev 2011-2017-ci illərdə prezident olub, 2019-cu ilin iyununda toxunulmazlıq hüququndan məhrum edilib. Həbsindən sonra (8 avqust 2019-cu il) ona qarşı bir neçə cinayət işi başlanıb.

2020-ci il iyunun 23-də Pervomayski məhkəməsi 2013-cü ildə kriminal rəhbəri Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra Atambayev Qırğızıstan Cinayət Məcəlləsinin "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Korrupsiya" maddələri ilə cinayət törətməkdə təqsirli bilinməyib. Məhkəmə 2020-ci ilin oktyabrında kütləvi iğtişaşların təşkili işi üzrə də cinayət tərkibi olmadığı üçün ona bəraət verib.

Alpər