Ölkə 15:12 27.04.2022

Qubada maarifləndirici görüş keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş 26 aprel 2022-ci il tarixində Quba rayonunda keçirilib.

Qaynarinfo xəbər verir ki, görüşdə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nurullayev Əhməd, Quba rayon Gənclər və idman idarəsinin rəis müavini Mənsur Ağayev rayonda bu istiqamətdə görülən işlər haqqında çıxış edib.

Görüşdə həmçinin QMİ-nin Quba rayonu üzrə nümayəndəsi Anar Eyyubov çıxış edərək dövlət tərəfindən bu sahədə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. 

Rəsmi çıxışlar yekunlaşdıqdan sonra görüş diskussiya formatında davam edib.

Qeyd edək ki, növbəti bu formatlı görüşün İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulub.