Xəbər lenti

Dünya 21:20 05.07.2023

Qulamhüseyn Əlibəyli: “Qərb artıq Saakaşviliyə qurban kimi baxır”

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. Artıq onun həbsdə olduğu müddətdə ciddi şəkildə xəstələndiyi bildirilir. Saakaşvili bu müddətdə xeyli çəki itirib. Amma bütün bunlara baxmayaraq, bir vaxtlar Saakaşvilinin geniş təbliğatını aparan Qərb dövlətləri indi sanki onun həbsinə göz yumurlar. Belə ki, Qərb sabiq Prezidentin həbsdən azad edilməsi üçün Gürcüstan hökumətinə lazımi təzyiq və təsir göstərmir. Qərb yalnız bəyanat verməklə kifayətlənir.

Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli bildirib ki, Qərbin Saakaşvilidən siyasi məqsədlər üçün uğurlu şəkildə istifadə edə biləcəklərinə olan inam artıq itib. Bu səbəbdən də həmsöhbətimizə görə, Qərb artıq Saakaşviliyə qurban kimi baxır.

"Artıq Qərb Saakaşvilidən nə bacarırdısa, onu da aldı. Artıq o, heç kəsə lazım deyil. Saakaşvili Gürcüstan üçün xeyli iş görməyə nail oldu. Bu ölkənin demokratikləşmə prosesində, Gürcüstanın dünya miqyasında tanınmasında əhəmiyyətli rol oynadı. Amma indiki situasiyada artıq Qərb hesab edir ki, Saakaşvili Gürcüstana və yaxud bütövlükdə Qafqaza yenilik gətirə bilməyəcək. Saakaşvili müəyyən müddət Ukraynada da fəaliyyət göstərdi. Amma onun ciddi nəticələri olmadı. Bundan sonra hansısa siyasi məqsədlər üçün Saakaşvilidən istifadə ediləcəyinə Qərbin inamı itib. Qərb gələcəkdə ondan istifadə edərək və yararlanaraq nəyəsə nail olmağı qeyri-mümkün hesab edir. Bu nöqteyi-nəzərdən də Qərb ölkələri artıq Saakaşviliyə qurban kimi baxırlar. Ona görə də onun taleyinə, həbsinə biganə yanaşırlar. Düzdür, bir neçə dəfə Qərb ölkələri Saakaşvili ilə bağlı bəyanatlar yayıb. Amma hiss olunur ki, ümumən onun taleyi heç kəsi maraqlandırmır. Saakaşvili gələcəkdə yenidən siyasətə qayıda bilər. Amma indiki şəraitdə onun yenidən Gürcüstanda hakimiyyətə qayıdışı real görünmür”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->