İdman 14:30 28.02.2024

Qurban Qurbanov: "Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu"

"Qarabağ"a gələndə klubun prezidenti Abdulbari Gözəl mənə "Heydər Əliyevə söz vermişdim ki, bu komandanı Avropada tanıtdıracağam" demişdi. Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. Biz vəzifəmizə bu motivasiya ilə başladıq. İlk ildə çempionluq qazana bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA Avropa Liqasında pley-off-a qədər irəlilədik. Bu o vaxt üçün böyük uğur idi".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə açıqlamasında deyib.

Qurbanov Avropa Liqasının pley-off mərhələsinə yüksəldikləri zaman prezident İlham Əliyevin zəng edərək təbrik etməsinin ona əlavə motivasiya verdiyini vurğulayıb.

"Qarabağ" adının azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini xatırladan baş məşqçis "Qarabağ" adını yaşatmaq üçün rəhbərliklə birlikdə yaxşı işlədik və Allaha şükürlər olsun ki, bu gün nəticəsini görürük. Məsuliyyət hissi və ürəklə çalışırıq", deyib.

Təcrübəli çalışdırıcı komandadakı əcnəbi futbolçulara "Qarabağ" adının vacibliyini izah etdiklərini bildirib:

"Əsas motivasiyamız komandamızın adının "Qarabağ" olmasıdır. 2-ci Qarabağ müharibəsindəki qələbəmizdən sonra əcnəbi futbolçularımız adımızın əhəmiyyətini daha yaxşı anladılar".

Bir vaxtlar Qarabağdakı işğalçı rejimin "paytaxt" adlandırdığı Xankəndidə şəhər stadionunda MOİK komandası ilə Azərbaycan kubokunun oyununu keçirdiklərini xatırladan Qurbanov "Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mihriban Əliyeva da matça baxıblar. Şəhid övladları da orda idi. Unudulmaz gün oldu", deyib.

Xankəndindəki oyunun işğaldan azad edilmiş rayonlarda keçiriləcək oyunların başlanğıcı olduğunu bildirən baş məşqçis Ağdamda da stadionun tikiləcəyini, komandanın doğma şəhərə qayıdacağını vurğulayıb.

Qurban Qurbanov "Qarabağ"a Türkiyədən də böyük marağın olduğunu bildirib:

"Bir azərbaycanlı, bir türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm, Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq. Sevincimizdə də, pis günümüzdə də bir yerdəyik. Türk xalqına böyük hörmətim və güvənim var. Onlar bizi öz komandaları kimi görürlər. Bir çox türk azarkeş səfər oyunlarımızda bizi dəstəkləyir".

Avropa Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçisi "Bayer"ə rəqin olduqlarını xatırladan Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını və Leverkuzen klubunun tanıdıqları rəqib olduğunu bildirib:

"Qrup matçlarında üz-üzə gəlmişik. Hər iki oyunda məğlub olduq. Onlar Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsi böyük fayda verəcək. Güclü rəqiblər olsalar da, biz püşkdən razıyıq. Yenidən möhtəşəm komandaya qarşı oynayacağıq və oyunçularım o möhtəşəm futbolu, sürəti və dinamizmi yenidən hiss edəcəklər. Azarkeşlər də oyundan həzz alacaqlar. Məğlub ola bilərik, amma mübarizəsiz meydanı tərk edə bilmərik".

Aydın