İdman 21:27 05.06.2023

"Real" ən çox maaş alan ehtiyat oyunçusunu göndərir

"Real" daha bir futbolçusu ilə yolları ayırmağı düşünür.

Qaynarinfo xəbər verir ki, klub Eden Azarla yola davam etməyəcək. Bu mövsüm demək olar ki, oynamayan belçikalı futbolçu yay fasiləsində Madrid təmsilçisindən ayrılacaq. Azarın hələ bir illik müqaviləsi qalsa da, klub onunla vaxtından əvvəl vidalaşmaq qərarına gəlib.

Madrid təmsilçisinin Azarla bağlı açıqlamasında "Real" Eden Azarla 30 iyun 2023-cü il tarixindən etibarən klubu tərk etməsi ilə bağlı razılığa gəlib. Eden dörd mövsümdür klubumuzun bir hissəsidir və bu müddət ərzində o, 8 titul qazanıb: 1 Avropa Kuboku, 1 Klublararası Dünya Çempionatı, 1 Avropa Super Kuboku, 2 La Liqa, 1 Kral Kuboku və 2 İspaniya Super Kuboku. "Real" olaraq Azara sevgimizi ifadə etmək istəyir, ona və ailəsinə karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq", deyilir.

Ehtiyat oyunçular skamyasında oturmasına baxmayaraq, həftədə 600.000 avro (530.000 funt sterlinq/640.000 ABŞ dolları) qazanan Eden Madrid klubunun ən çox maaş alan futbolçularından sayılırdı.

Komandanın aparıcı üzvlərindən olan Karim Benzemanın da Madrid klubundan ayrılacağı ilə bağlı xəbərlər dolaşmaqdadır. 

Səbuhi Həsənov