Dünya 14:53 29.11.2023

Rəisinin Türkiyə səfəri niyə təxirə salındı? (ŞƏRH)

"İranın İsrail-HƏMAS qarşıdurmasında Türkiyəni öz tərəfinə çəkmək kimi çirkin niyyəti alınmadığından İbrahim Rəisinin Ankara səfəri də təxirə salınıb". 

Bunu Qaynarinfo-ya politoloq Qabil Hüseynli İran prezidentinin Türkiyə səfərinin gözlənilmədən təxirə salınmasının səbəbləri haqqında danışarkən deyib.

Qabil Hüseynli bildirib ki, İran İsraillə HƏMAS arasında gərgin vəziyyət yaranandan çalışır. Ona görə bu və ya digər dərəcədə təsiri olan dövlətləri Tel-Avivin üstünə qaldırmaq istəyir:
 


"Türkiyənin də İsrail əleyhinə bir neçə tənqidi fikirlər söyləməsi molla rejimi daxilində həmin məsələdə Türkiyəni öz tərəfinə çəkə biləcəyi fikrini formalaşdırdı. İsrailin səfirliyin bütün heyətini Ankaradan geri çağırması da Tehranda Türkiyəni də öz avantürasına cəlb edə bilər kimi fikirlər yaratdı. Yaxşı ki, Türkiyə Təl-Əvivdəki səfirliyini geri çağırmadı. Ardınca münaqişənin səngiməsi və aradan qaldırılması üçün dünya ictimaiyyətinin səyləri gücləndi. Başda Vaşinqton və Avropa ölkələri olmaqla bir çox dövlətlər İsraili ciddi tənbeh etdilər. Nəticədə, müharibənin aktiv dövrü başa çatdı. 4 günlük müvəqqəti atəşkəs və əsirlərlə girov götürülənlərin dəyişdirilməsi prosesi başlanıldı. Əsir götürülmüş israililərin hamısı geri qaytarıldı. Ona cavab olaraq İsrail də fələstinli fəalların bir qismini həbsdən azad etdi. 

Münasibətlərin belə inkişafı isə Tehranı qane etmədi. İran mollaları elə bilirdilər ki, Türkiyəyə gəlib, bu ölkəni daha aktiv şəkildə İsrail əleyhinə qaldıra biləcəklər. Hətta İran bu dövrdə yəqin ki, İsrailə birgə qoşun yeritməklə bağlı Türkiyəni razı salacaqları kimi səfeh düşüncədə bulunublar. Yaxşı ki onların bu avantürası alınmadı. İsraillə HƏMAS arasındakı proseslər artıq normal məcraya daxil olmaqdadır. Nəticədə İran öz çikin məqsədinin alınmayacağını anladı. Rəisinin Ankaraya səfərinin təxirə salınması da məhz bu məqamla bağlıdır”. 

Qeyd edək ki, İran prezidenti İbrahum Rəisinin Türkiyəyə səfəri təxirə salınıb. Bu barədə "Tasnim" məlumat yayıb. Səfərin başqa tarixə keçirildiyi bildirilsə də, nə təxirə salınmanın səbəbi¸nə də hansı tarixə keçirildiyi barədə hər hansı bir məlumat yoxdur. 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə bildirib ki, Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının (TŞ) Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb: "Prezident Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq, İran və Türkiyə xarici işlər nazirlərinin dəvət aldığı iclası səbəbindən təxirə salınıb. Telefon danışığı zamanı iki ölkə prezidentləri planlaşdırılan səfərin bir neçə gün ərzində baş tutacağı və bu səfər zamanı tərəflərin Təhlükəsizlik Şurasının iclasının nəticələrini müzakirə edəcəyi barədə razılığa gəliblər", deyə Abdullahiyan bildirib.

Rüfət Sultan