Siyasət 13:44 02.08.2022

Rəsmi Bakının qətiyyətli mövqeyi Karen Donfridin nəzərinə çatdırıldı - Ekspert

"Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-ın dövlət katibinin köməkçisi ilə telefon söhbəti zamanı qaldırdığı məsələlər ondan xəbər verir ki, Azərbaycan artıq öz ərazilərindən erməni silahlılarının çıxarılmasında çox böyük qətiyyətlə israr edir”. 

Bunu Qaynarinfo-ya hərbi ekspert Ədalət Verdiyev xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı zamanı nazirin "erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı” fikirinə münasibəti şərh edərkən deyib. 

Ekspert bildirib ki, münaqişənin başa çatmasından artıq 22 aya yaxın bir vaxt keçməsinə baxmayaraq, erməni tərəfi hələ də Qarabağın Rusiya sülhməramlılarının müvvəqəti nəzarətində olan ərazilərindən öz qoşunlarını və silahlı birləşmələrini çıxartmayıb:



"Bunun Azərbaycan üçün qəbuledilməz olduğunu daha öncədən Prezident ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə bildirmişdi. Dövlət başçısı Rusiya sülhməramlılarının fəaliyyətində olan çatışmazlıqlara diqqət çəkmişdi. Əgər erməni silahlıları həmin ərazilərdən çıxarılmasa, gələcəkdə də ermənilərin Azərbaycan əsgərinə qarşı təhdid törətmək cəhdləri davam edəcək. Bu isə Azərbaycan üçün heç bir halda qəbul edilən hal deyil". 
 
Ədalət Verdiyev hesab edir ki, Azərbaycan diplomatik yolla birgə bəyanatın şərtlərini Ermənistana həzm etdirmək üçün bütün imkanlardan istifadə edəcək. 

Qeyd edək ki, avqustun 1-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd etməklə yanaşı həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulayıb. 

Bahar Rüstəmli