Ekonomiks 16:30 28.08.2022

Rəşt-Astara dəmiryolunun tikilməsi haqda saziş imzalanacaq - İran rəsmisi

Tezliklə İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikilməsi istiqamətində üçtərəfli saziş imzalanacaq.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə Tehranda keçirdiyi  brifinqdə deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, üç ölkə rəsmilərinin iştirakı ilə Azərbaycanda keçiriləcək iclasda bu dəmiryolunun tikilməsi ilə əlaqədar investisiya haqda müzakirələr aparılacaq.

Əfəndizadə əlavə edib ki, İran hökuməti Şimal-Cənub Dəhlizinin İran hissəsini aktivləşdirib. Bu dəhlizdə dəmiryolu tikilməyən yeganə hissə İranın Rəşt-Astara dəmiryoludur.

Nazir müavini bildirib ki, İran Çin və Rusiya ilə ticarət və tranzitini artırmaq niyyətindədir. Bu baxımdan Şimal-Cənub Dəhlizi ölkə üçün böyük əhəmiyyət kəsb edir.

"İran gələn ildə İran və Rusiya arasında 30 milyon ton məhsulun tranzit olunmasını məqsəd götürüb. Bu məqsədə çatmaq istiqamətində addımlar atılır”, - deyə o qeyd edib.