Dünya 10:34 19.04.2022

Rusiya Donbasa hücuma başladı, cəbhəboyu partlayış səsləri eşidilir

Rusiya şərqi Donbası ələ keçirmək üçün genişmiqyaslı hücuma başlayıb.

Qaynarinfo "Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Rusiya Ukraynanın şərq ərazisini işğal etmək üçün genişmiqyaslı hərbi əməliyyata start verib. Hazırda cəbhəboyu hər yerdə partlayış səsləri eşidilir" deyə Zelenski qeyd edib.

Dövlət başçısı bildirib ki, bütün Rusiya ordusunun çox böyük bir hissəsi bu hücuma fokuslanıb.

Zelenski heç nəyə baxmayaraq döyüşəcəklərini bildirib: "Oraya nə qədər rus qoşunu yığılmasından asılı olmayaraq, biz döyüşəcəyik, özümüzü müdafiə edəcəyik. Biz bunu hər gün edəcəyik”.

Prezident Ofisinin rəhbəri Andrıy Yermak isə Donbasa hücumu "müharibənin ikinci mərhələsi” adlandırıb və ukraynalıları əmin edib ki, onların qüvvələri bu hücumu dəf edə biləcək. 

Rusiya ordusunun Kiyevi ələ keçirmək planı uğursuz olandan sonra Kreml əsas hədəfinin Donbassın tutulmasını elan etmişdi. Kiyev istiqamətindən geri çəkilən rus qoşunları əsasən Donbasa hücum üçün təşkilatlanırdı.

Nurlan Hüseynov