Dünya 13:10 20.11.2022

Rusiya elitası"nın Xersondan geri çəkilmə barədə nə düşür? - "Biz əsl müharibəni uduzmuşuq"

"Meduza” "Rusiya elitası"nın Xersondan geri çəkilmə və cəbhədəki daimi uğursuzluqlar haqqında nə düşündüyünü öyrənib.

Saytın Prezident Administrasiyasına (PA) və Rusiya Federasiyası hökumətinə yaxın mənbələri vurğulayırlar ki, Xersondan geri çəkilmə "Rusiya elitaları” üçün "çox ağrılı hadisədir”.

Vladimir Putinin "yaxın çevrəsindən” olan sahibkarlara yaxın olan həmsöhbət daha sərt danışıb: "Belə bir fikir var ki, biz əsl müharibəni uduzmuşuq. İnsanlar gələcəkləri barədə düşünməyə başlayırlar. Bir tərəfdən revanşist hisslər, digər tərəfdən, normallaşma və sabitləşmə tələbi olacaq”.

PA-nın siyasi bloku daha optimistdir. "Meduza”nın həmsöhbətlərindən biri izah edib ki, Kreml hələ də ucuz enerjiyə ehtiyac üzündən Qərbin "Ukraynaya dəstək konsensusunun dağılacağına” ümid edir.

"Meduza” mənbələrinin bildirdiyinə görə, Kreml üçün başqa bir ümid - Ukraynanın özündə siyasi vəziyyətin kəskin dəyişməsi və Vladimir Zelenskinin istefasıdır. Belə hadisələrin gözləntilərinin nəyə əsaslandığı "Meduza”ya məlum deyil.

Bundan əlavə, Kreml hesab edir ki, bir neçə aydan sonra Rusiya ordusu səfərbərlik hesabına müharibəyə daha hazır vəziyyətə gələcək və cəbhədəki vəziyyəti dəyişə biləcək.

"Meduza”nın həmsöhbətlərinin sözlərinə görə, Prezident Administrasiyası qeyd edib ki, "elitalardan” fərqli olaraq, Xersondan geri çəkilmə əksər rusiyalıların əhval-ruhiyyəsinə heç bir təsir göstərməyib:

"Cəmiyyət bunu demək olar ki, hiss etmir, onun üçün maraqlı deyil. Xersonun birləşməsinin "təbliğ etməyə" vaxt olmadı. Tanrıya şükür, buna səfərbərlik mane oldu. Əvvəlcə bunun pis olduğunu düşünürdük, amma indi məlum olur ki, bu, kömək etdi. İnsanlar Xersonla alışıb-yanmadılar və buna görə də onu tərk etmək lazım olduğuna dair rəsmi izahatları asanlıqla qəbul etdilər".

Müstəqil sosioloji tədqiqatların məlumatları bu tezisləri təsdiqləyir.

"Meduza”nın regional hökumətlərdən birindəki yüksək səviyyəli həmsöhbəti izah edir ki, onun bölgəsi "Xersondan uzaqdır" və "öz həyatını" davam etdirir. Eyni zamanda, "Meduza”nın regional siyasətçilər və iş adamları arasında olan mənbələri Kremlin vəziyyəti döndərə biləcəyinə inanmırlar.

"İnsanlar Xersonda baş verənləri ayıb və dövlətdəki qarışıqlığın nəticəsi kimi qəbul edir, görünür, onlar bundan şübhələnirdilər, amma bu səviyyədə yox", deyə "Vahid Rusiya"nın regional bölmələrindən birindəki həmsöhbət qeyd edir.

Başqa bir bölgə rəsmisi etiraf edir ki, onun çevrəsində "başqasının müharibəsi hissi yaranmağa başlayıb”:

Əvvəllər "xüsusi əməliyyat" bəlkə də qürur doğuran bir fon idi. Xüsusən də rəsmi məlumatlardan başqa heç nə ilə maraqlanmırsansa. Səfərbərlikdən sonra bu, həyatın bir hissəsinə çevrildi, lakin heç kim sizdən bu qərarlar barədə soruşmayıb... Sanki bu müharibəni yuxarıdakılar aparır (heç uğur da qazana bilmirlər), amma təsiri bizə olur”.

Bu cür hisslər həm Prezident Administrasiyasına, həm də hökumətə nüfuz edir. "Meduza"nın mənbələri etiraf edib ki, daimi hərbi məğlubiyyətlər fonunda onları "ölkənin ali rəhbərliyinin daha da qapanması” daha çox narahat edir.

"Bizə heç bir məlumat verilmir, məlumatları əsasən Ukrayna və Qərb xəbərlərindən öyrənirik. Belə görünür ki, biz daim güzəştə gedirik və hələ də bunu gizlətməyə çalışırıq”, deyə hökumətə yaxın "Meduza” mənbəsi izah edib və əlavə edib ki, Kremlin "taxıl sövdələşməsi” ilə bağlı addımlar "məzlum təəssürat” yaradıb.

O qeyd edib ki, yüksək vəzifəli məmurlar arasında "xüsusi əməliyyata bağlı olmayan” "elita” nümayəndələrinin mövqeyi getdikcə daha ağlabatan görünür. "Meduza”nın daha əvvəl xəbər verdiyi kimi, müharibə zamanı Rusiyanın yüksək səviyyəli məmurları arasında "sükut partiyası” yaranıb. Onun nümayəndələri "ali rəhbərliyin” müharibə ilə bağlı müəyyən göstərişlərini vicdanla yerinə yetirməyə üstünlük verirlər, lakin açıq şəkildə militarist çıxışlar etmirlər. "Meduza”nın həmsöhbətləri bu partiyanın nümayəndələri kimi baş nazir Mixail Mişustini və Moskva meri Sergey Sobyanini qeyd ediblər.

"Meduza” mənbələrinin bildirdiyinə görə, bütün narazılıqlara baxmayaraq, Rusiya rəsmiləri və iş adamları Putinə qarşı hər hansı tədbir görmək niyyətində deyillər: "Sadəcə, bütün bunların tez bir zamanda bitməsi istəyi var”.

Mənbə: Meduza.io

Tərcümə: Nizami Bağırov
Qaynarinfo