Dünya 13:02 24.11.2023

Rusiya Lavrovun ATƏT-in toplantısında qəbul edilməsini tələb edir

Estoniyanın 2024-cü ildə ATƏT-in növbəti sədri seçilməsinə mane olan Rusiya nümayəndələri noyabrın 23-də keçirilən səsvermə zamanı Maltanın gələn il təşkilata rəhbərlik edəcək dövlət kimi seçilməsi ilə razılaşmayıblar. Əvəzində Rusiya xarici işlər naziri Sergey Lavrovun gələn həftə ATƏT-in nazirlər toplantısında qəbul edilməsini tələb edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu”nun Brüssel müxbiri Rikard Yozvyak X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının nümayəndələri Maltanın ATƏT-ə sədrlik edən dövlət seçilməsinə razı olmayıblar. Bundan əlavə, rusiyalılar baş katib də daxil olmaqla, təşkilatın 4 yüksək vəzifəli şəxsinin seçilməsinə mane olublar.

"Onlar (təşkilatdakı Rusiyanın nümayəndələri-red.) istəyirlər ki, yekun qərar qəbul olunması üçün Lavrov gələn həftə Şimali Makedoniyada, ATƏT-in nazirlər toplantısında (ATƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü -red.) qəbul olunsun”, deyə Yozvyak qeyd edib. 

Bundan əvvəl, noyabrın 21-də Rusiya və Belarus nümayəndələri Estoniyanın 2024-cü ildə ATƏT-in növbəti sədr dövləti seçilməsinə veto qoyublar.

Nizami Bağırov