Dünya 11:50 09.11.2022

Rusiya Ukraynada ələ keçirdiyi Qərb silahlarını İrana verib - Bir şərtlə...

Rusiya Ukraynadakı müharibə üçün pilotsuz uçuş aparatları müqabilində 140 milyon avro nağd pul və ələ keçirilən Qərb silahlarının nümunələrini gizli şəkildə İrana verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” təhlükəsizlik qurumlarında olan mənbələrinə istinadən yazır.

Mənbələrin sözlərinə görə, İl-76 təyyarəsi avqustun 20-də Tehrana çatıb. Təyyarədə pul, həmçinin Britaniyanın NLAW tank əleyhinə raketi, ABŞ-ın "Javelin” tank əleyhinə raket sistemi və "Stinger” zenit-raket kompleksi olub. İran öz analoqlarını inkişaf etdirmək, Qərb texnologiyasını kopyalaya bilmək üçün silahlara maraq göstərib. Bunun müqabilində Rusiya 160-dan çox pilotsuz uçuş aparatı, o cümlədən 100 Şahed-136 kamikadze dronları alıb. Mənbə iddia edir ki, Tehran və Moskva 200 milyon avro dəyərində pilotsuz uçuş aparatlarının tədarükü üçün daha bir razılaşma əldə edib.

Ukrayna Rusiyanı mülki infrastruktura zərbələr endirmək üçün İran pilotsuz uçan aparatlarından istifadə etməkdə ittiham edir: rus qoşunları kamuflyaj etmək üçün onları yenidən rəngləyir və Geran-2 adlandırırlar. Qərb ölkələri də İranın Moskvaya pilotsuz uçuş aparatlarının verməsini təsdiqləyiblər. 
Moskva və Tehran hər şeyi təkzib etsələr də, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ilk dəfə belə tədarüklərin olduğunu etiraf edib, lakin PUA-ların Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl göndərildiyini bildirib. Ukrayna prezidenti Zelenski bu açıqlamanı yalan adlandırıb.
 
Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak isə belə tədarüklərin cəzasız qalmaması üçün PUA-lar istehsal edən zavodlara zərbələr endirməyə çağırıb.

Nizami Bağırov