Siyasət 22:30 21.03.2023

Rusiya və Çin birgə təlimlər barədə razılığa gəldi

Rusiya Federasiyası və Çin mütəmadi olaraq dənizdə və havada birgə patrul xidməti, eləcə də birgə təlimlər keçirmək barədə razılığa gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki,bu barədə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin danışıqlarının yekunları ilə bağlı imzalanan birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya və Çin NATO-nun Asiya-Sakit Okean regionu ölkələri ilə hərbi məsələlərlə bağlı əlaqələrinin güclənməsindən böyük narahatlıq ifadə edirlər.

"Moskva və Pekin BMT Təhlükəsizlik Şurasından yan keçməklə tətbiq edilən bütün birtərəfli sanksiyalara qarşıdır.

Rusiya Federasiyası və Çin Ukraynada gərginliyin artmasına və hərbi əməliyyatların uzanmasına səbəb olan bütün addımları dayandırmağa çağırır.

Rusiya və Çin NATO-nu digər dövlətlərin suverenliyinə və onların maraqlarına hörmət etməyə çağırır.

Rusiya "vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyir və Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu qəbul edir", deyə birgə bəyanatda qeyd olunub.