Dünya 10:48 29.02.2024

"Rusiya və Ermənistan arasında qarşılıqlı nifrət pik həddə çatıb" - Politoloq

"Bu açıqlama qarşıdakı mərhələdə İrəvanla Moskva arasında daha dərin qarşıdurmanın olacağının göstəricisidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Avropaya doğru irəliləməkdən başqa yolunun olmadığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Paşinyanın Ermənistanı addım-addım Avropaya doğru götürməsi heç də yeni xətt deyil:
 


"44 günlük müharibədən sonra Avropaya inteqrasiya istiqamətində atdığı ardıcıl addımlar heç şübhəsiz proseslərin bu nöqtəyə gəlib çıxacağının xəbərçisi idi. 2023-cü ilin yayından başlayaraq, Paşinyanın Avropa mətbuatında anti-Rusiya müsahibələri verməklə ona qədər qapalı müstəvidə səslənən fikirləri açıq müstəviyə keçirdi. Ardınca ölkə əhalisi arasında anti-Rusiya ovqatı formalaşdırdı. Daha sonra da dövlət idarəetmə qurumlarından, xüsusən ordu və təhlükəsizlik qüvvələrindəki Rusiyanın "5-ci kolonu” olan hərbçilər və təhlükəsizlik əməkdaşları uzaqlaşdırıldı. Ermənistanda Konstitusiyanın dəyişdirilməsilə bağlı başlanan proseslər isə İrəvan Moskva münasibətlərinin daha da pisləşəcəyinin daha bir parametridir".
 
Taleh Əliyev qeyd edib ki, Parisə son səfərində də Paşinyan açıq şəkildə Moskvanın Ermənistan əhalisini hakimiyyətə qarşı qaldırmağa çalışdığını da bildirib:

"Bütün bunlar onu göstərir ki, artıq Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında qarşılıqlı nifrət və etimadsızlıq özünün son həddindədir". 

Qeyd edək ki, Ermənistan baş naziri Paşinyan hakim partiyadan olan deputatlarla qapalı görüşdə Ermənistanın Avropaya doğru irəliləməkdən başqa yolunun olmadığını bildirib. O, açıq şəkildə bildirib ki, Ermənistanın Avropaya doğru irəliləməkdən başqa yolu yoxdur və təbii ki, digər strateji tərəfdaşlar bunu ağrılı qəbul edəcəklər. 

Rüfət Sultan