Siyasət 19:14 27.09.2023

Rusiya və İran liderlərinin Qarabağ müzakirəsi: "Bu, suveren hüquqlara müdaxilədir"

"Belə bir telefon danışığının konkret predmetinin Qarabağ ətrafındakı vəziyyətlə bağlı olduğu bildirilirsə, bu suveren Azərbaycanın hüquqlarına müdaxilə anlamına gəlir. Ona görə də Azərbaycan Moskva və Tehrana etiraz notası verməlidir”.
 
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisinin telefon danışıqları zamanı Qarabağdakı vəziyyəti müzakirə etmələrini şərh edərkən deyib.

Politoloq deyib ki, hər iki prezident Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib, bu halda Bakının iştirakı və razılığı olmadan İran və Rusiya dövlət başçılarının Qarabağ məsələsini müzakirə etməsi yolverilməzdir:

"Xoşməramlı və yaxud başqa digər niyyətlərdən doğmasından asılı olmayaraq, bu, Azərbaycanın suveren hüquqlarına müdaxilə sayılır. Azərbaycanın bir günlük lokal antiterror əməliyyatı nəticəsində qondarma rejim özünü buraxıb, Qarabağın erməni icmasının nümayəndələri Bakı ilə iki dəfə görüş keçirib. Həmçinin, oradakı terrorçu silahlı dəstələrin qalıqları tərksilah olunur. Eyni zamanda, xeyli sayda erməni humanitar dəhlizlə Qarabağ ərazisini tərk edir”. 



Həmsöhbətimizə görə, belə bir vəziyyətdə Moskva-Tehran danışıqlarının predmetinin Qarabağ olması hər iki tərəfin bölgədə baş verən yeni ümidverici prosesdən narahat olmalarından qaynaqlanır: 

"Ona görə də bu danışıqda xoşməram gözləməyə dəyməz. Tərəflərin telefon danışığı da güman ki, regionda yaranan yeni reallıq fonunda bölgəni tərk etmək məcburiyyətində qalan Rusiya ilə sıxışdırılmış durumda olan İranın yeni situasiyada atacaqları növbəti addımların müzakirəsi barədə olub”. 

Rüfət Sultan