Siyasət 14:59 30.12.2023

Rusiya və Qərbin maraqları Qarabağda toqquşur (ŞƏRH)

"Rusiya sülhməramlılarının Qarabağda qalmaları bir neçə amildən asılıdır. Əraziyə beynəlxalq güclər gəlmək istəyir, belə gedişat Moskvanın maraqlarına cavab vermir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, tərəflərdən hər hansı biri müqavilənin uzadılmasına razılıq verməsə, rus sülhməramlılarının Qarabağda qaıma müddəti avtomatik olaraq başa çatmış hesab olunacaq:

"Amma Paşinyanın il yarım bundan qabaq verdiyi açıqlama ilə 10 noyabr bəyyanaməsi artıq öz qüvvəsini itirib. Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və bununla bəyan etdi ki, İrəvanın Azərbaycan ərazisində hansısa bir sülhməramlının mövcudluğu barədə qərar vermə hüququ artıq yoxdur. Bu baxımdan, rus sülhmıramlılarının Qarabağdan çıxma müddəti həmin bəyanatla həll olunmuş hesab olunur. 19 sentyabr antiterror əməliyyatı da sülhməramlıların qalmasının artıq heç bir mənasının olmadığını göstərdi. Qərb erməni əhalisini qorumaq bəhanəsilə əraziyə beynəlxalq güclərin gəlməsi təklifilə çıxış edir. Müqavilənin vaxtı bitənə qədər, ikinci kənar qüvvənin iddiasının qarşısını almaq baxımından rus qüvvələrinin ərazidə qalması müəyyən mənada özünü doğrulda bilər”.
 


Politoloq vurğulayıb ki, Azərbaycan öz ərazisində heç bir xarici qüvvənin olmasını istəmir. 

"Hesab edirəm ki, 2025-ci ilin sonuna rus qoşunları Qarabağdan çıxacaq. Hətta ola bilsin daha tez çıxsınlar. Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlanarsa, həmin hadisə daha tez baş verəcək”, deyə politoloq qeyd edib.

Ekspert hesab edir ki, sülhməramlıların Qarabağdan çıxması müqabilində Moskva Azərbaycandan Qərb koalisiyasına qoşulmamağı, NATO-dan kənar durmağımızı istəyir: 

"Təbii ki, Azərbaycan da bu yolu tutub. Hesab edirəm ki, sülhməramlıların Qarabağdan çıxması Azərbaycan qarşısında hansısa ikinci şərtlər daxilində olmayacaq. Vaxt başa çatan kimi sadə razılaşma ilə çıxacaqlar". 

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilin noyabrında bitir. Həmin müddətə 6 ay qalana qədər tərəflərdən hər hansı biri onların növbəti müddət üçün qalmasını istəməsə, həmin qüvvələr ərazini tərk etməlidir. 

Rüfət Sultan