Dünya 11:55 08.03.2024

Rusiya və Ukrayna İstanbul formatına qayıdır? (ŞƏRH)

"Tərəflər İstanbul formatına qayıtmaq və məhz onun çərçivəsində yenidən danışıqlara başlamaq istəyirlər". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin martın 9-da Türkiyəyə olacaq səfərini şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, savaşın gedişinə nəzər salanda son 8 ayda beynəlxalq oyunçuların müharibənin dayandırılması istiqamətində yollar axtarışına çıxdığı gürünür:



"Bu istiqamətdə tərəflər müxtəlif mesajlar verir. Hesab edirəm ki, Zelenskinin Türkiyə səfəri çərçivəsində müzakirə ediləcək ən vacib məsələ məhz müharibənin dayandırılması olacaq. 2022-ci ildə Kiyevlə Moskva arasında sülh danışıqları da Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyilə İstanbulda baş tutub. Fikrimcə, tərəflər indi də həmin formata qayıtmaq və məhz onun çərçivəsində yenidən danışıqlara başlamaq istəyirlər". 

Ekspertin sözlərinə görə, Zelenskinin Ərdoğanla danışıqlarında əsas məsələ bu istiqamətdə olacaq. 

"Ukrayna ilə Rusiya arasında danışıqlarda Ankara əsas rol oynamır, Türkiyə sadəcə olaraq bir platformadır. Ankara bu prosesdə müəyyən dərəcədə qarant ola bilir. Çünki Türkiyənin hər iki tərəflə normal münasibətləri mövcuddur", deyə Mehman Əliyev vurğulayıb.

Ekspertin sözlərinə görə, "taxıl sazişi" məsələsi isə problemli deyil:

"Bu saziş işləyir, Ukrayna taxılı satır, heç bir əngəl törədilmir".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski martın 9-da Türkiyəyə rəsmi səfərə gələcək. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. 

Səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, "taxıl sazişi"nin davam etdirilməsi ilə bağlı təmaslardakı son vəziyyət, bölgədə daimi sülh axtarışları və ikitərəfli münasibətlər ətraflı müzakirə olunacaq. 

Rüfət Sultan